Koronavirus gənc, qoca demədən bir çox insanın həyatına son qoydu. Bu virusdan ölənlər arasında media təmsilçiləri də var. Hesablamalara görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 jurnalist COVİD-19-a yoluxub. Onlardan 12 nəfəri həyatını itirib. Tez-tez tədbirlərdə qarşılaşdığımız həmkarlarımız artıq həyatda yoxdur...
Lent.az COVID-19-dan dünyasını dəyişən jurnalistlərin bir neçəsini təqdim edir:
Ötən il dekabrın 15-də “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Rəşad Süleymanov koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
Rəşad Süleymanov
İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu da ötən il iyulunda koronavirusa yoluxub. “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilən jurnalist süni tənəffüs aparatına qoşulsa da, təəssüf ki, həyatını xilas eləmək mümkün olmayıb.
Əmrah Fəqanoğlu
Bu ilin yanvarında "Trend" İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da COVID-19-un qurbanları sırasına daxil oldu.
Elxan Ələsgərov
"Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev ötən il iyulun 2-də müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib.
Etibar Babayev
AzTV-nin daha bir əməkdaşı, 36 yaşlı rejissor Samir Nemətzadə də ötən il iyulun 1-də koronavirusdan dünyasını dəyişib.
Samir Nemətzadə
Milli Məclisin (MM) rəsmi orqanı olan “Azərbaycan” qəzetinin fotoillustrasiya şöbəsinin müdiri, tanınmış foto-jurnalist Fərman Bağırov koronavirusdan vəfat edib. Ötən ilin iyun ayında vəziyyəti ağırlaşan Fərman Bağırov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas eləmək mümkün olmayıb.
Fərman Bağırov
Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövlud (Məmmədova) koronavirusdan vəfat edib.
Arzu Mövlud
Avqustun 27-də AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, “Avropa Nəşr Mətbu Evi”nin direktoru, Qarabağ Müharibəsi veteranı, jurnalist Şöhrət Səlimbəyli avqustun 27-də koronavirusdan dünyasını dəyişib.
Şöhrət Səlimbəyli
Gənc jurnalist Oğuz Altay da 32 yaşında koronavirusa məğlub olan həmkarlarımızdan oldu. O, avqust ayının 28-də dünyasını dəyişib.
Oğuz Altay
Koronavirusun qurbanı olan həmkarlarımıza Allahdan rəhmət diləyirik!