Koronavirusla bağlı vəziyyət nəzarət altındadır: Vaksinasiya pandemiyanı tez bitirəcək
25 may 2021 17:14 (UTC +04:00)

Koronavirusla bağlı vəziyyət nəzarət altındadır: Vaksinasiya pandemiyanı tez bitirəcək

Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı. Növbəti həftədən bir sıra yumşaldılma tədbirinin görülməsinə qərar verilib.  31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir, metro açılır (metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir),  bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir. 10 iyundan ibadət yerləri, iri ticarət mərkəzləri açılır, idman zallarının fəaliyyəti bərpa edilir. Amma sonuncudan, COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər istifadə edə biləcəklərüçün. 
Ümumiyyətlə, bundan sonra Azərbaycanda COVİD pasportu tətbiq olunacaq. İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq. 

Azərbaycanda COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə  həyata keçirilən tədbirlərin effektivliyi, Azərbaycanın qabaqcıl ölkələrdə eyni vaxtda  vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam edir, açılım tədbirlərinə getmək mümkün olmur, Azərbaycan məhz belə bir şəraitdə uğurlu nəticələr əldə edib. Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb.  Hamı təhlükəsizlik tədbirlərinə riayəti davam etdirməli, vətəndaş məsuliyyəti daha güclü olmalı, ümumi işə öz töhfəsini verməlidir. Yoluxmaların sayı azalsa da, ölüm sayı hələ də yüksəkdir və bu, arxayınlaşmağa əsas verməməlidir.
Heç kimə sirr deyil ki, Covid pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Artıq hər iki dozanı qəbul edərək vaksin olunan şəxslər bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlayır. 

“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın da əsas məqsədi ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Əhalinin bəzi təbəqələri artıq bu prosesə cəlb olunub. Göründüyü kimi heç bir yan təsir müşahidə olunmur. 

Səhiyyə Nazirliyinin rəsmilərinin dediyinə görə, vaksinasiya pandemiyanın mümkün qədər tez bitməsini təmin edə bilər. İnfeksionistlər peyvəndləmənin vacib olduğunu hesab edirlər, çünki peyvənd təkcə virusun mövcud forması ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir. 
Fikir verirsinizsə, qabaqlayıcı effektiv tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Son bir ayda xəstəxanalarda xəstə sayı azalan tendensiya ilə davam edir. Təhlükəli virusa yoluxmuş insanların əksəriyyəti sağalaraq evlərinə göndərilib. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.  Göründüyü kimi, Azərbaycanda koronavirusla bağlı müsbət dinamikanın olması əvvəlki həyata dönüşü sürətləndirir. Vaksinasiyanın sürətləndirilməsi isə artıq demək olar ki, tam normal həyata qayıtmaq deməkdi.

# 1539
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar