Türkiyə və Rusiyada havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Açıqlanan proqnozlara görə, yaxın günlərdə bu ölkələrdə güclü qar və anomal hava şəraiti gözlənilir. Bu ölkələrdə havanın kəskin dəyişməsindən bir neçə gün sonra adətən Azərbaycanda da hiss olunur. Bu dəfə ölkəmizdə havanın kəskin dəyişəcəyi gözlənilirmi?
“Həftə sonunadək Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir”.
Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gürşad Məmmədova bildirib.
Gürşad Məmmədova qeyd edir ki, fevralın 13-də şimal-qərb küləyinin güclənəcəyi, küləyin maksimal sürəti 15-20, yarmadanın bəzi yerlərində arabir 23 – 25 metr saniyədək güclənəcək:
“Fevralın 14 və 15 tarixlərində isə mülayim cənub küləyi əsəcək. Havanın temperature 8-10 dərəcə isti olacaq”.
Gürşad Məmmədova bildirir ki, yaxın 2-3 gün ərzində bölgələrdə əsasən yağmursuz hava şəraiti gözlənilir:
“Bəzi yerlərdə duman olacağı istisna olunmur. Havannın tempuraturu günorta saatlarında 15-19, dağlıq ərazilərdə isə 9-14 dərəcə isti olacaq”.