Dekabrın 31-i, saat 23:59-da: Tanınmışlar nə düşünür?
28 dekabr 2020 10:30 (UTC +04:00)

Dekabrın 31-i, saat 23:59-da: Tanınmışlar nə düşünür?

Son günlər cəmiyyətdə Yeni ilin qeyd edilməsi ilə bağlı fikirlər birmənalı deyil. Buna səbəb isə 44 gün davam Vətən müharibəsində yüzlərlə şəhid verməyimizdir. 

Lent.az elə bununla bağlı tanınmış ictimai xadim və sənət nümayəndələri arasında bununla bağlı sorğu keçirib: Yeni ili qeyd edəcəksiniz?

 

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay:

- İndi hara getmək olar ki? Evimdə olacam. İlin gəlişi isə məndən asılı deyil. Gələcək, inşallah. Xeyirli, uğurlu gəlsin və ağrıları unutdursun...

 

“525 qəzet”inin baş redaktoru Rəşad Məcid:

- Yox. Onsuz da evdəyik.  Ailəylə birlikdə 2020-ni təhlil edib, 2021 üçün arzular edərik. Məsafəli və Zəfər ilinin sevinciylə, sadə və sakit keçirərik.

 

YUĞ teatrının baş rejissoru Mehriban Ələkbərzadə:

- Bu il çox qarışıq hisslər yaşadıq. 44 gün 30 ildə gizlənmiş milli qürurumuzu bərpa etdik. Bir tərəfdən zəfər, bir tərəfdən yeni tarix,  bir tərəfdən fəxr etdiyimiz şəhid və qazilər. Mənim üçün daha ağrılı olan şəhidlərimizin ailələridir. Mən o susqun şəhid övladlarının kədərli gözləri önündə hiss edirəm özümü. Bu il  bütün şərəf və zəfər dolu il olsa da, bu səbəbdən Yeni il bayramını qeyd etməyəcəm.

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Əslində, hazırda cəmiyyətdə Yeni ilin qeyd edilməsinə münasibət birmənalı deyil. Amma 2020-ci ildə tariximizin ən böyük Zəfərini əldə etdiyimizi, millət olaraq, uzun illərdən bəri həsrətində olduğumuz Qarabağımıza qovuşduğumuzu, 2021-ci ilə QALİB xalqın nümayəndələri kimi qədəm qoyduğumuzu nəzərə alaraq, Yeni ilin qeyd edilməsinin tərəfdarıyam. 

Hər halda Yeni il özəl tədbir deyil ki, bundan fərdi qaydada imtina edəsən. Qeyd etsək də gələcək, etməsək də... Gülər üzlə, ailəmizlə birlikdə Yeni ili qarşılamaq, düşünürəm ki, doğru olar. Mən bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün də xüsusi bir şəkildə bayram edilməsinin tərəfdarıyam. Çünki bu gün təsis olunduğu vaxtdan ilk dəfədir ki, mütləq milli birliyə nail olmuşuq və bu günün nə qədər böyük anlam daşıdığı indi özünü daha qabarıq şəkildə büruzə verir. İnşallah, dekabrın 31-də, saat 11:59-da ailəmlə birlikdə şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla, sayğı duruşu ilə anıb Yeni ilə qədəm qoyacağam. Qoy xalqımız 2021-ci ildə xəstəlikdən, dərddən, bəladan uzaq olsun. Tanrı dövlətimizi, millətimizi qorusun

***

Əməkdar jurnalist Qulu Məhərrəmli:

- Xeyr, bu il Yeni ili qeyd etməyəcəyik. Ona görə xüsusi hazırlıq görməmişik, yolka da qurmamışıq. Yəni o əhval da yoxdur. Düzdür, ailə toplaşacaq, uşaqlarımız da gələcək və biz qadalı-bəlalı 2020-nin Zəfər ilinə çevrilməsini qeyd edəcək, müzəffər Ordumuzun şəninə təriflər deyəcək, əziz şəhidlərimizi yad edəcəyik. 

Ən böyük arzumuz isə 2021-ci ildə salamatlıq və əmin-amanlıq, dünyanın və ölkəmizin pandemiya fəlakətindən qurtulması olacaq

 

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova:

- Şəhidlərin ruhuna hörmət olaraq bir çox insan  bayramın keçirilməsini məqbul saymır. Şəhidlərimiz də uşaqlarımızın gələcəyi üçün canlarından keçib. Biz qalib ölkəyik. Biz bayramları çoxaltmalı, uşaqların gələcəyini düşünməliyik. Uşaqların xoşbəxt yaşaması üçün əlimizdən gələni etməliyik. Ona görə də kimsə yolkanı qurmaq istəyirsə qursun, kimsə istəmirsə qurmasın. Amma el şənliyi düşünürəm ki, bu il təbii olaraq keçirilməyəcək. Gələn ildən inşallah böyük atəşfəşanlıqla qeyd edərik.

 

Həkim, şair və Bəstəkar Şahin Musaoğlu:

- Uzun zamandır biz Yeni illə birgə Dünya Azərbaycanlıların Həmrəylik gününü qeyd edirik. Həm ilimizin təzələnməsini, həm də həmrəyliyimizi yada salırıq. Bu il 30 illik həsrətimiz olan Qarabağ bizi həmrəy elədi.

 Hazırda həm pandemiya hökm sürür, həm də təxminən 3 minə yaxın şəhidimiz, yüzlərlə yaralımız var. Bu nöqteyi nəzərdən insanlarda sözün həqiqi mənasında bayram əhval ruhiyyəsi yoxdu. 

Məsləyimdən irəli gələrək mart ayından bu günə qədər evdə 2-3 gün istirahət edə bilməmişəm. Yəni, həkim olaraq pandemiya cəbhəsində istirahət yadıma da düşməyib. Çünki şərait bunu tələb edib. Onu da nəzərə alaq ki, insanlar aylarla ailələrinin üzünə həsrət qalıb. Təmtəraqlı deyil, sadəcə ailə ilə birgə ötən ili yola salıb, yeni ili qarşılamaq, qələbəmizi qeyd etmək olar. İl xətrinə, həmrəylik xətrinə. Bir tərəfdən qələbəmiz, bir tərəfdən zəfərimiz var. Bir gözümüz gülür, bir gözümüz ağlayır. Amma düşünürəm ki, qeyd eləməyimiz önəmlidi. Gələn il ürəkdən, içdən keçirməyi arzulayıram. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3243

Oxşar yazılar