Bu tarixdən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi başlayır
30 mart 2021 16:12 (UTC +04:00)

Bu tarixdən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi başlayır

Aprelin 1-dən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək. 

İcbari Tibbi Sığortadan Lent.az-a verilən məlumata görə, Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.

Vətəndaşlar Xidmətlər Zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir.

Ölkədəki  pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrılmışdır. Belə ki, həmin tibb müəssisələri hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, Agentlik müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət etmişdir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3075
avatar

Nigar Adil

Oxşar yazılar