13 İyun, saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.
Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.
Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə açıqlamada qeyd olunub.