Boş küçələr, kədərli  “Maşa” - Bakıda İLK "TACLI" YENİ İL -FOTOLENT
29 dekabr 2020 11:07 (UTC +04:00)

Boş küçələr, kədərli  “Maşa” - Bakıda İLK "TACLI" YENİ İL-FOTOLENT

“Yox, qızım. Evdə gəlinimə də demişəm ki, mənim əlim-qolum qalxıb uşaqlar üçün də nəsə edə bilmərəm. O uşaqların (şəhidlərin) hamısının üzləri gözümün qabağından getmir. Onların da anaları mənim kimi anadır. Oğluma nəsə olsa bayram yadıma düşər? Allah o uşaqlara min rəhmət eləsin. Onların hesabına başımız dikəldi.”

Bu üzündə adının əlamətləri görünməyən Bakı sakini Səadət xalanın bayram ərəfəsindəki fikirləridir. Amma hamı onu kimi düşünmür. Bu barədə bir qədər sonra...

Yeni ilə sayılı günlər qalıb. Hər il dekabrın 15-dən sonra Bakı bayram əhvalında olurdu. Şəhərdə yeni il yarmarkaları, bəzəkli şam ağacları quraşdırıldı. Bu il isə...

Lent.az-ın əməkdaşı Bakıda bayram ərəfəsi nələri müşahidə etdi? Reportajımızı təqdim edirik:

Xüsusi vurğulayaq ki, bu bayram fərqlidir, pandemiya zamanı keçirəcəyimiz ilk yeni il gəlir. Yəni ilk “taclı” yeni ilimiz.

Hər il dekabrın sonu şəhərin mərkəzində insan əlindən tərpənmək, gəzmək mümkün olmurdu. Gənclərin zarafatları, uşaqların Şaxta baba həyəcanı, böyüklərin hədiyyə alış-verişi, cizgi film personajları ilə şəkil çəkdirmə sevdası, bəzəkli şam ağacları ətrafında növbəli selfilər, azyaşlı uşaqlarla şəhərə çıxan valideynlər... Bunlar, hər il görməyə alışdığımız görüntülər idi. Hətta bəziləri daha “ağıllı” tərpənərək bayram gəzintisini həftəiçinə salırdı ki, heç olmasa rahat dolaşa bilsin.

Bu il isə... Bu il alışdığımız o görüntülərə, kütləvi gəzintilərdə yanımızdan keçərkən hər addımbaşı toxunan yad insanlara həsrət qaldıq. Artıq insanlar yeni ildən sonra da koronavirusun əsirinə çevrilmək istəmir, karantin qaydalarına uyaraq pandemiya ilə bu cür mübarizə aparır. İndidən bir-birlərimizə “virussuz, karantinsiz, pandemiyasız il” arzulayırıq.

Yəqin oxucularda şəhərdə hələ də şam ağacının bəzədilməməsinin fərqindədirlər. Elə biz də şəhəri gəzib Yeni il atributlarını axtarırıq. Küçələrdə nəinki bəzədilmiş şam ağacı, Şaxta baba, demək olar ki, heç insan da yoxdu. Sərt karantin qaydaları, maksimum 3 saatlıq icazə hamını evə qapadıb. Belə görünür ki, Bakı bu il Yeni ili səssiz, sakit qarşılayacaq. Ötən il şəhərin ən məşhur yerlərindən olan Nizami küçəsində yerdə qurulan böyük şam ağacının yerini bu dəfə günəşin şüaları bəzəyir. Kim bilir, bu bəlkə də qalib Bakının 2823 şəhidinə həsr etdiyi “günəş yolkasıdır”.

Düzü küçədə gördüyümüz insanlarda da bayram əhvalı hiss olunmur. Şəhər sakini Kamal Ağayev deyir ki, onsuz da biz istəsək də, istəməsək də il təhvil olunacaq: “İndi hamı sosial şəbəkədə yazır ki, bayramı qeyd etmirəm, evimdə yolka qurmuram. Siz onların səmimiyyətinə inanırsınız? Bayram günü hansının evinə getsək, görəcəyik ki, bayram da keçirir, yolka da qurub. Ona görə də kiminsə gözündə yaxşı görünməyə nə ehtiyac var?

Şəxsən mən Yeni ili təmtəraqsız qeyd edəcəm. Təmtəraqsız deyəndə, yəni hər il atəşfəşanlıq edənlərdən biri də mən idimsə, bu il onu edə bilməyəcəm.”

Tələbə Şölə Səfərli 31 Dekabrı həm də Dünya Azərbaycanlıların Həmrəylik günü kimi qeyd etdiyimizi xatırladıb, fərqli təklif irəli sürür: 

“Şam ağacı həmin günə sadəcə simvolik xarakterli idi və əhvalı yüksəldirdi. Yaxşı olardı ki, bu il şəhərdə şam ağacı qurulardı və üzəri bizi 44 gün həmrəy edən  “Vətən müharibəsi”nin qəhrəmanları ilə bəzədilərdi. Yəni, şam ağacının üzərini 30 ildən sonra qələbə hissini yaşadan şəhid, qazi qardaşlarımızın fotoları, işğaldan azad olunan bölgələrimizin tarixi abidələrini əks etdirən oyuncaqlarla bəzəyərdik. Axı biz qalibik...”

 “Yox, qızım, evdə gəlinimə də demişəm ki, mənim əlim-qolum qalxıb uşaqlar üçün də nəsə edə bilmərəm”, deyir, Səadət ana. 

“O uşaqların (şəhidlərin) hamısnın üzləri gözümün qabağından getmir. Onların da anaları mənim kimi anadı. İraq olsun, oğluma nəsə olsa bayram yadıma düşər? Allah o uşaqlara min rəhmət eləsin. Onların hesabına başımız dikəldi.”

Bu böyüklərin fikirləridir. Amma bayram daha çox uşaqların nəşəsidi, sevincidir. Uşaqlar bayrama bir ayrı rəng, gülüş qatır. Onları sevindirmədən, üzlərini güldürmədən bayram olmaz axı.  Elə hər il küçələri təkcə işıqlar yox, həm də uşaqların gülüşləri bəzəyirdi. İndi bomboş küçədə demək olar ki, uşaq da yoxdur.  Bəs valideynlər uşaqlara bayram hədiyyəsini haradan, necə alacaq?

Mərkəzi küçələrdə fəaliyyət göstərən mağazalar bağlı olsa da, bəziləri onlayn fəaliyyət göstərdiyini deyir. Hər il keçirilən “Soyuq əllər, isti ürəklər” yarmarkasının qapıları bu il şəhər sakinlərinin üzünə bağlıdı.

Uşaqlar üçün maraqlı nəsə tapmaq üçün şəhərdə bir az da “kəşfiyyat” aparmaq qərarına gəlirik. Vəziyyət ürəkaçan deyil. Gəzinti zamanı şəhərin Nizami küçəsinin bir yerində uşaqlar üçün küçədə satılan kiçik oyuncaqlar, rəngli şarlar və bir də “Maşa”-nı gördük. Heç o qızcığaz da bayram əhvalında deyildi.

 

Daha sonra bulvara üz tuturuq. Burada da səssizlik hökm sürür. Küçələr boş, bəzəksiz və yalqız...

 

Uzun gəzintidən sonra  bircə Qız qalasının yanında 2021 yazısını və bəzədilən şam ağacını gördük. Heç bunlar da kiminsə diqqətini çəkmirdi. İnsanlar görür, amma heç kim baxmırdı, şəkil çəkdirmirdi. Bu cür laqeydlik deyəsən, 2021-i indidən qorxudur. Sanki Yeni il də gəlib-gəlməmək mövzusunda tərəddüd edirdi.

 

Yenə də bayram günü  uşaqları necə sevindirməli sualı ətrafında düşünürük. Bayram günü onlayn hədiyyə üçün gecikən valideyn tez bir zamanda övladına harada Yeni il hədiyyəsi alsın? 

Deyəsən, tapdıq. İndi daha iri ticarət mərkəzinə ehtiyac yoxdu, istədiyini elə supermarketdən də tapa bilərsən fikrini əsas götürüb üz tutuduq ora.

Marketlərin birində alıcılara müxtəlif qiymətdə hədiyyələr təklif olunsa da, hər kəs qutunun içindəkilərdən narahat olub hazır paketləri almaqdan ehtiyat edir. Bu təxminimizin doğru olub-olmamasını öyrənmək üçün satıcıya yaxınlaşdıq.

Lalə Həsənli adlı satıcı deyir ki, boş hədiyyəlik qutulara tələbat daha çoxdur:

“Gələn kimi qurtarır. Qiyməti təxminən 2 manatdır. İnsanlar qutuları alıb, içərisini öz istədikləri kimi yığırlar.”

Marketdə alıcılara təqdim olunan hazır hədiyyə paketlərinin qiyməti 2, 8.50, 11.90, 23.70 manat arasında dəyişir.  Bu hədiyyə paketlərinin isə bağlı olduğundan analar  istifadə müddəti bitən məhsulların olacağından ehtiyat edirlər. Ona görə də boş qutulara tələbat daha çoxdur.

2 saatlıq şəhər gəzintisində bayram əhvalını əks elətdirən görüntülər, Yeni ilin gəlişinə sevinən insan görməsək də, hər küçədə qalibiyyət ab-havası vardı.

Pandemiya ilə başlayan Yeni il Qələbə ilə bitir. 2020-ci il Azərbaycanın yeni tarixinə qürurla yazıldı. 30 ilin məğlubiyyət 44 gün ərzində 2823 igidin qanı ilə tarixə Qələbə yazdırdı. Bu gün şəhərdə bəzəkli şam ağacı axtarışına çıxıb, əliboş qayıtsaq da hər mağaza, bina qarşısına asılan bayrağımızla, qəhrəmanlarımızla qürur duyduq.

Bu bayraq hər zaman zirvələrdə qalib və məğrur dalğalanacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4754

Oxşar yazılar