Yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlərin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu çərçivədə müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatması məqsədilə bir sıra tapşırıqlar verilib.
Daşıyıcılara gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməsi, eləcə də tələbat olan xətlər üzrə avtobus sayının artırılması tapşırılıb. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb. Tapşırıqların icrasına nəzarət məqsədilə səhər və axşam pik saatlarında sərnişindaşımalara nəzarət artırılacaq.
Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək.
Nəzərdə tutulan tədbirlərin səmərəli olması üçün hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bildiririk ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq.
Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyada piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində də müvafiq işlər görülür. Eyni səviyyəli piyada keçidləri yenidən boyanır, zəruri olan yerlərdə piyada keçidlərində sarı döyünən işıqlar quraşdırılır, asfalt üzərinə “Yavaş Məktəb“ xəbərdarlığı qeyd edilir. Həmçinin paytaxtda ilk dəfə olaraq xüsusi qabarıq piyada zolağı yaradılıb. Piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində 146 №-li tam orta məktəbin qarşısında təşkil edilib.