Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiq edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin 2022-ci il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”na əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
- minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
- yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.
Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.
Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.