Aqil Abbas
08 yanvar 2021 12:06 (UTC +04:00)

Aqil Abbas

Aqil Abbas Türkiyədə niyə ağlayıb? - "Bir dəfə uzaqlarda"

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə qarşılaşırıq.

Lent.az  “Bir dəfə uzaqlarda”  adlı rubrikada tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir. Rubrikanın bugünkü qonağı yazıçı-jurnalist, millət vəkili Aqil Abbasdır.  

 

***

 

- Bərk maşın sürməyi xoşlamıram və heç kimə sürətli maşın sürməyə icazə vermirəm. Bir dostum məni və İradə xanımı  (həyat yoldaşı, “Ədalət” qəzetinin baş redaktoru) Cenevrəyə dəvət etdi. Bizi Milana, Venesiyaya gəzməyə apardı. Orada maşını 250-260 sürətlə sürürlər. Bu da maşını bərk sürür. Mən də maşını 90-dan artıq sürməyə qoymuram. Sürətli yol, mən də məcbur edirəm ki, asta sür. Dostum dəfələrlə etiraz eləsə də, icazə vermədim. Dedim ki, çıx yolun sağına, yavaş-yavaş sür. 90 sürətlə getdik və qayıtdıq. Sonra bir başqa dostumuz  bizə kofe qonaqlığı verəndə həmin adamdan soruşdu ki, Aqil bəyi gəzdirmisən? 

-Hə gəzdirmişəm, Aqil müəllimin sayəsində 3 saatlıq yolu, 9 saata  getdik. 

***

- Dünyanın çox gəzməli, maraqlı yerlərində olmuşam. Harada mənzərə, meşə, sıldırım qayalıq görürdümsə, bəyənməzdim. Bircə söz deyirdim: “Kəlbəcər deyil”. Hara gedirdimsə, deyirdim ki, bura Kəlbəcərə çatmaz. 

Həmişə Ağdamı da tərifləyirəm. Qəşəng, gözəl şəhər görəndə İradə həmişə zarafatla deyir ki, bura yəqin, Ağdamdan gözəl olar da? 

***

- Qullu Məhərrəmli, Rəşad Məcid, Elçin Şıxlı, Əflatun Amaşov ilə Bodruma getmişdik. Ora turistik yer olduğuna görə, çoxlu restoran var. Hansı restorana daxil olurdumsa, “Ceylan” havası çalırdılar, ardınca da Məmməd Arazın “Duman salamat qal, dağ salamat qal” mahnısını oxuyurdular. Sonra bildim ki, dostlardan biri məndən öncə məkana daxil olub, musiqiçiləri “təlimat”landırıb.  

***

- Ərzurumdan maşınla gəlirəm. Oradan Qarsa tərəf gələndə gözəl, qeyri-adi bir şəlalə var. Turistlər hamısı düşüb şəkil çəkdirirlər. Biz də maşını saxladıq, gəzirik. Bu zaman bir avtobus dayandı. İçərisindən 50-ə yaxın tələbə düşdü. Bir-bir yaxınlaşırlar ki, sizlə şəkil çəkdirmək olar? 

Sonda məlum oldu ki, bu tələbələr Cənubi Azərbaycandandılar və Ərzurum Universitetində təhsil alırlar. Bazar günü olduğundan istirahətə gəliblər. Sonda məni çaya dəvət etdilər. Soruşdum ki, bu nə münasibətlədi? Dedilər, “biz sizi televizorda çox görürük. Siz azərbaycanlı yazıçısınız.” Onda özümü qəribə hiss etdim. Bu hadisə məni bir az kövrəltdi. 

 

***

- Türkiyədə çoxlu dostlarım var. Oraları maşınla gəzməyi çox xoşlayıram. Xanımımla Trabzona getmişdik. Orada Əhməd bəy adında ilçə bələdiyyə başçısı bizi qarşıladı, yer təşkil etdi. Trabzonun gözəlliyi bir başqadı. Sanki Qarabağdasan. Elə bir yerə getdik ki, eyni ilə Qarabağda Turşsu deyilən bir yerə bənzəyirdi. Turşsudan bir yol Kirsə, bir yol Laçına, bir yol Sarıbaba deyilən yerdə  Çarıx bulağa gedirdi. Allahın yaratdığı bir möcüzədi Çarıx bulaq. Çəmənliyin içində böyük bir qaya parçası və çarığa oxşayır. Elə bil allah 2 metr böyüklüyündə çarıx düzəldib. 

Uşaq vaxtı Turşsudakı bulaqları bəyənmirdik. Maşınla Sarıbabaya gedib, Çarıx bulaqdan su gətirirdik. Ora çatanda bu bulağı görən kimi məni qəfil ağlamaq tutdu, kövrəldim. Oturdum. Yollar da eyni Turşsudakı yollar kimi bölünürdü. Dedim allah, belə oxşarlıq olar? Bura Turşsudu, Sarıbabadı, Laçın yoludu? Bu  yol Şuşadan gələn yoldu? Yaxınlığında da o vaxt Turşsudakı kimi sadə, taxtadan düzəldilmə bir restoran var. Restorana daxil olan kimi gördüm ki, divarda iki dənə “Ədalət” qəzeti var. 

Heç demə, mənim müavinim Əbülfət Mədətoğlu bir il öncə burada olub və o da bu yeri Qarabağa bənzədib, haqqında iki yazı yazıb və həmin qəzetləri poçt vaistəsilə restorana göndərib. Məkanın sahibi bildi ki, mən də o qəzetdə işləyirəm. Amma ona dedim ki, mən Əbülfət müəllimin işçisiyəm. Sonda bizdən pul almadı, qonaq etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Nigar Adil

Oxşar yazılar