Adalar fəth edən heyvanlar:  Neftçalada atlar niyə dəniz suyu içir?
17 mart 2023 20:15 (UTC +04:00)

Adalar fəth edən heyvanlar: Neftçalada atlar niyə dəniz suyu içir?

Dünyanın elə adaları var ki, orada indinin özündə də ibtidai insanlar yaşayır. Amma dünyada elə adalar da var ki, orada insanlar yox, heyvanlar yaşayır: pişiklər, dovşanlar, donuzlar, atlar və inəklər. Yeri gəlmişkən bu adalardan biri elə Azərbaycandadır. 

Hələlik isə Yaponiyanın şimal şərqində yerləşən Tasirodzima adası. Bu adada 10 mindən çox pişik yaşayır. Pişikləri isə adaya elə yerli sakinlıər gətirirlər. Onlar əkin sahələrini məhv edən gəmiricilərə, xüsusən də siçovullara qarşı pişiklərdən istifadə etmək istəyirlər. Düzdür, istəklərinə nail olublar. Amma bir də görüblər ki, adaya gətirilən yüzlərlə pişik doğub, törəyib, artıb. Hazırda onların sayı-hesabı bilinmir. Bəzi məlumatlara görə, 8-10 min arasındadır. 

Baham adalarının bir hissəsi olan Eksuma isə başqa cür “Donuz Ada”sı adlanır. Donuzların bu adaya necə gəlib çıxması məlum deyil. İlkin ehtimallara görə, dəniz quldurları tərəfindən gətiriliblər. Sonra isə onları qoyub gediblər. Nəticədə donuzların sayı saysız-hesabsız olub. 

Okubmosima adasında isə dovşanlar məskunlaşıb. Onların ilk hissəsi bu adaya 1925-ci ildə gətirilib. Bundan sonra isə artmağa başlayıblar. İkinci dünya müharibəsi zamanı ərzaq qıtlığı dovşanların kütləvi şəkildə ovlanmasına səbəb olsa da, amma necə deyərlər onların axırına çıxmaq mükün olmayıb. Bu adada dovşanların sayını heç kim bilmir. 

Təsəvvür edirsiniz, Azərbaycanda da heyvanların yaşadığı ada var. Söhbət Neftçala rayonundan bir qədər aralıda yerləşən “Kurkosa”dan gedir.

Əslində buranın rəsmi adı "Kür dili"dir.     

Əski sovetlər dönəmində isə ora "Kurskaya kosa", yəni "Kür əyrisi" adını veriblər. "Kurskaya kosa" isə yerli əhalinin dilində "Kurkosa"ya çevrilib. 

 Azərbaycanda adaların sahəsinə görə sıralamasında birinci yeri tutur. Uzunluğu 13, eni isə 6 kilometrdir. Və bu adada indi 1000-ə yaxın vəhşi at, mindən çox vəhşi inək, minlərlə dovşan, turac, qırqovul, eşşək, yüzlərlə çaqqal və qaban yaşayır. 

Hələ 20-ci əsrin əvvəllərində Çar Rusiyası bu əraziyə xeyli kazak və molokan köçürüb. 1911-ci ildə isə indiki Kurkosa dediyimiz ərazidə ruslar ilk mayakı istifadəyə veriblər. Yeri gəlmişkən, gəmilərə yol göstərən bu mayak 70-ci illərə qədər fəaliyyət göstərib. 

Neftçalada xeyli yaşayış məntəqəsinin adı hələ də ruscadır. "Trest", "Jarski", "Pyatitısyaçnı", "Banka", "Xıllı-Boji Promısel", "Provalnı"...

Bu adların özünün də maraqlı tarixçəsi var. "Trest" deyilən ərazidə hansısa trest olub. Jarski isə Neftçalanın ən isti yeri imiş. Hə, o ki qaldı "Pyatitisyaçni"yə, burada 5 min voltluq transformator yerləşdirilibmiş. Bax beləcə...

1920-ci ildə Azərbaycanın yeni rəhbəri Nəriman Nərimanov isə ölkəyə ilk səfərini məhz Bankədən başlamışdı. Hə, lap yaddan çıxmamış, elə həmin Bankə qəsəbəsində Azərbaycanda ilk Qadınlar klubu belə yaradılmışdı.

Bəlkə onu da bilmirdiniz ki, Neftçala Azərbaycanda yeganə rayondur ki, hər il ora milyonlarıa qonaq gəlir. Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan. Hə, qaz, ördək, durna, qaşqaldaq, qutan və başqa quşlar qışlamağa gəlirlər buralara.

Sovet dönəmində bu rayonda maraqlı kolxoz adları olub. Hətta Beriyanın belə adına.

Vaxtilə Lent.az-ın müxbiri bu adada olmuş, reportaj hazırlamışdı. Həmin vaxtda bu adada bircə nəfər yaşayırdı - Vitali Pronin. Onun dediklərindən:

- Burada qaban da var. Amma qabandan qorxuram. Elə atlardan da. Vəhşiləşiblər. Atlar o qədər vəhşiləşib ki, artıq dəniz suyu içirlər. Onları tutub ram eləmək çox çətindir. Amma inəkləri mümkündür. Onların südü can dərmanıdır, biləsən. Kəsəndə kəsirik, amma nəyimə lazımdı, onsuz da yemək sarıdan burada problem yoxdur. Donuzlarla isə çox çətindir. Onlar adamlara cuma bilər. Yox, mənim evimdən çox uzaqdadırlar. Bu tərəflərə hərlənmirlər. Amma nə biləsən, bir də gördün rastına çıxdı. Hər halda, ehtiyatlı olmalısan. Bir də çaqqallar. Hər gecə gəlib evimin qabağında mahnı oxuyurlar. Bir saat, iki saat ulayıb gedirlər.

Atlar çox çətin məsələdi. Burada hardasa min başa qədər at olar.

Bəzən balıqçılar necəsə tutub aparılar, quruda əhliləşdirirlər. Amma nadir hallarda olur belə. Onları ram etmək çox çətindir. Həm də qorxuludur. Çünki vura bilər. Hərəsi 300-400 kilodur. Vursa, adamı öldürər...

# 13968
avatar

Sebuhi Memmedli

Oxşar yazılar