Xaricdəki diplomatik nümayəndəliklərimizə 145 milyon manatdan çox ayrılacaq
2020-ci ildə beynəlxalq təşkilatlara üzvlük haqqı üçün dövlət büdcəsi xərclərinin 1,5 faizi həcmində və ya 412,8 milyon manat vəsait nəzərdə tutulub.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinin 5 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlük haqqı xərclərinə, 19 milyon manatı beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqqı xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyinə (MDB), Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar), 145,3 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərin və konsulluqların saxlanması xərclərinə, 12,0 milyon manatı digər beynəlxalq fəaliyyət, xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımlar üzrə xərclərə yönəldiləcək.
2020-ci ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 231,5 milyon manat vəsait proqnozlaşdırılır.
756