Rəşid Hacılı: “Bizə qarşı kampaniyanı Xədicə İsmayıl aparır”
17 avqust 2014 21:29 (UTC +04:00)

Rəşid Hacılı: “Bizə qarşı kampaniyanı Xədicə İsmayıl aparır”

Media Hüquqları İnstitutunun (MHİ) rəhbəri, hüquq müdafiəçisi Rəşid Hacılı MHİ-nin bağlanma təhlükəsi, quruma qarşı aparılan kampaniya, həmkarlarının həbsi ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

 

O, bildirib ki, MHİ-yə qarşı ölkədə aparılan gözdənsalma kampaniyasına təəssüflənir və bunu yanlış hesab edir: “Ötən həftənin əvvəlində mətbuatda bir qrup təşkilatların və vəkillərin imzaladığı bildirilən 97 nəfərlik siyasi məhbus siyahısının olduğu bəyan edildi. MHİ-nin də adı imzalayanlar sırasında göstərilmişdi. MHİ bu siyahıya imza atmadığını bəyan etdikdən sonra ona hücumlar başladı. Bəziləri bizə deyirdi ki, hüquq müdafiəçiləri Rəsul Cəfərovun, onun da ardınca İntiqam Əliyevin həbs edilməsindən sonra biz razı olub-olmamamızdan asılı olmayaraq gərək bu sənədi imzalayaydıq, belə bəyanat verməyəydik . Xədicə İsmayıl isə daha irəli gedərək bizi az qala xəyanətkarlıqda ittiham etməyə başladı. O, təcili olaraq MHİ haqqında həm daxildə, həm də ölkə xaricində gözdənsalma kampaniyası apardı. Bu kampaniya bu gün də davam etməkdədir. Vətəndaş cəmiyyətinin tənqidçi kəsimi üçün ciddi sarsıntıların yaşandığı indiki dönəmdə onun ətrafa inamsızlıq və şübhə püskürən bu addımları bəziləri tərəfindən dəstəkləndi təəssüf ki. Bunu anlayışla qarşılasam da, tam yanlış hesab edirəm”.

 

MHİ-nin hüquqşünası Elçin Sadıqovun cəmiyyətdə birmənalı qarşılanmayan bəyanatından danışan R.Hacılı, öz işçisinin üstünə bu qədər gedilməsindən də narazılığını bildirib: “Elçin Sadıqov da həmin siyahını imzalamadığını deyəndən sonra ona da qarşı hücumlara məruz qaldı. Hər şeydən əvvəl yada salım ki, Media Hüququ İnstitutu siyasi partiya deyil, siyasi fəaliyyətlə məşğul olmur, məşğul ola da bilməz. Təşkilatın siyasi simpatiya və ya antipatiya bildirmək ehtiyacı da olmayıb. Təşkilatda əməkdaşlıq edənlər fərqli siyasi qüvvələri dəstəkləmələrindən, bunu açıq və ya gizli ifadə etmələrindən asılı olmayaraq MHİ-də bir işlə, media azadlığı sahəsində problemlərlə, media və jurnalistlərə hüquqi yardımlar etməklə, onları üzləşdikləri hüquqi çətinliklərdə müdafiə etməklə məşğul olublar. Elçin Sadıqov peşəsini sevən, müdafiə etdiyi şəxslərin mənafelərini onların siyasi baxışlarından, düşüncələrindən və yazdıqlarından asılı olmayaraq bütün enerji və bacarığını həsr etməklə müdafiə edən bir vəkil olub. Onlarla tənqidçi jurnalistlərin işlərini aparıb, Avropa Məhkəməsinədək. Məsələn, hakimiyyətin əsas tənqidçilərindən olan Qənimət Zahidin vəkilidir və E.Sadıqovun şikayəti əsasında Avropa Məhkəməsi onun hüquqlarının pozulmasını tanıyıb. Belə misallar çoxdur. İndi onun “Azərbaycan Respublikası Prezidentini dəstəkləmişəm” deməsi onun işlərinin üzərinə nədən kölgə salmalıdır ki. Üstəlik, həm də Media Hüququ İnstitutunun da. Bəli, onun siyasi baxışlarından xəbərim olub. Hətta mərhum prezidentimiz Heydər Əliyevin qəbrini ziyarət etməsini də danışırdı və MHİ-də bu, normal qarşılanırdı. Əksinə komandada fərqli düşüncəli şəxslərin olması reallığa uyğun addımlar atmağa yardım edir. Neçə vəkil tanıyıram ki, onlar fərqli siyasi meydanda təmsil olunmuş tanınmış şəxsləri peşəkarlıqla və sonadək müdafiə ediblər. Bu, yanlış yanaşmadır. Bizim müdafiə etdiyimiz şəxslərin əksəriyyəti hökuməti tənqid edən şəxslər olsa da onlar anlamalıdırlar ki, MHİ siyasi qurum deyil, ondan siyasi loyallıq tələb etmək düzgün deyil. Elə media, eləcə də vətəndaş qurumları tanıyıram ki, orada fərqli siyasi düşüncələri olan şəxslər birlikdə çalışırlar. Belə təşkilatlar üçün bu normal haldır, hətta onların üstünlüyüdür. Elçin Sadıqov isə ölkədə ən etibarlı vəkillərdən biridir. Heç kim, heç bir işdə onun müdafiə etdiyi şəxsin mənafelərini vicdanla və bacardığı ən yüksək səviyyədə müdafiə etmədiyini iddia edə bilməz”.

 

Media Hüququ İnstitutu ilə əməkdaşlıqdan, hüquqi dəstəkdən imtina barədə danışan R.Hacılı qeyd edib ki, bu təşəbbüsü jurnalist Xədicə İsmayıl başlayıb: “Biz siyasi məhbuslar siyahısını imzalamadığımızı deyən kimi o dərhal onun işini birgə apardığımız partnyorlara yazıb və bildirib ki, MHİ-dən və məndən imtina edir. Bu, mənə bəlli olandan sonra o özü də təsdiqlədi. Bilirsiniz ki, uzun zamandır biz onu və digər jurnalistləri çətin hüquqi durumlarda müdafiə etməyə çalışmışıq. İstintaqlarda, məhkəmələrdə onlarla birgə olmuşuq. Ölkə daxilində edə bilmədiyimizi Avropa Məhkəməsinə çıxarmışıq. Məhz MHİ-nin köməyi ilə həm Xədicənin, həm də başqalarının işlərini Avropanın ən tanınmış hüquq şirkətləri ilə, vəkilləri ilə birlikdə yüksək keyfiyyətlə hazırlamışıq və aparmışıq. Amma hər kəsin hüququdur ki, istədiyi vəkili seçsin, prosesin istənilən mərhələsində vəkilindən imtina etsin və sair. Hər kəsin seçiminə hörmətlə yanaşırıq. Heç kimdən incimirik”.

 

MHİ rəhbəri donorlarla qurum arasında əməkdaşlıqda problemlər olduğunu da vurğulayıb: “Başqa QHT-lər kimi MHİ-nin də bank hesabları bağlıdır və onun açılması uzun zaman aparacaq. Bu QHT-lərdə ciddi yoxlamalar gedir, bəziləri barədə cinayət işləri var, həbsə atılanlar var. MHİ-nin əvvəllər işlədiyi donorlar da artıq Azərbaycanda işləyə bilməyəcəklər. Səbəbləri hər kəsə bəllidir. MHİ yeni müqavilələr bağlamaq və işlərini davam etdirmək imkanından məhrum olub. MHİ ətrafında yaradılmış süni qalmaqal, zərərli kompaniya da onun donorlarla işləmək imkanına ciddi təsir edib. Göstərilən səbəblərdən MHİ-nin işində ciddi problemlər yaranıb. MHİ öz donorlarını itirib və MHİ-nin strateji planlarına uyğun fəaliyyətləri, yəni tənqidçi jurnalistlərin və ifadə azadlığından istifadəyə görə hüquqi problemlərlə üzləşən şəxslərin müdafiəsinə maliyyə ayıra biləcək donorlar tanımır. MHİ yalnız qrantlarla maliyyələşdirildiyindən və bu mənbələrdən məhrum olduğundan artıq ofisi saxlamaq və vəkillərin xidmətini ödəmək imkanından məhrumdur. Onun bu sahədəki sonrakı fəaliyyəti mümkünsüzdür. Bu səbəbdən jurnalistlərin yeni işlərini qəbul edə bilməyəcək. Vəkillər öz fərdi vəkillik fəaliyyətlərini davam etdirəcəklər təbii, ola bilər bəzi köhnə işləri də aparsınlar, amma MHİ-dən kənarda”.

 

R.Hacılı MHİ-nin siyasi məhbus məsələsində sərgilədiyi mövqeyə də toxunub. O bildirib ki, Media Hüququ İnstitutu müdafiə etdiyi jurnalistlərin, bloqqerlərin işlərində, QHT rəhbərlərinin, NİDA-çı gənclərin işlərində siyasi motivlərin olduğunu, yəni onlara verilən ittihamların həmin şəxslərin ifadə, toplaşma, birləşmə və başqa siyasi hüquqlardan istifadəsi ilə bağlı olduğunu həm məhkəmə şikayətlərində, həm də bəyanatlarında, hesabatlarında hər zaman qabardıb: “Amma ümumi siyahıların tərtibində iştirak etməyib və imzalamayıb. Çünki bu bizim işimiz deyildi, biz həmin işlərlə tanış deyildik. Kimlərin siyasi məhbus sayılıb-sayılmaması barədə qərar vermək, siyahı hazırlamaq zəruri peşəkarlıq və metodologiya, siyasi motivli olduğu güman edilən çoxsaylı işlərin araşdırılmasını və qiymətləndirilməsini və zəruri sübutların toplanmasını tələb edir. Bəzi işlərdə siyasi motiv aşkar sezilir. Bəziləri isə ətraflı əsaslandırma tələb edir. Bu işi bu sahədə məşğul olan 2-3 təşkilat apara bilər. Başqaları isə bildiyi işlərlə bağlı yardım edə bilər. Materiallar verə bilər və s. Məsələn, dünyada insan haqlarıyla məşğul olan beynəlxalq qurum çoxdur. Amma vicdan məhbusları siyahısını Amnesty İnternational tərtib edir. Hər kəs də onların siyahısına etibar edir. Rəsul Cəfərovun hazırladığı siyahı ilə bağlı onunla söhbətlərimiz dəfələrlə olmuşdu. Bu siyahı ilkin variantlarında daha geniş idi. Rəsul bəy əmin idi ki, siyahı geniş olmalıdır, siyasi olması barədə az-çox arqumentlər olan şəxsləri əhatə etməlidir. Mən geniş siyahını hər zaman tənqid edirdim. Rəsul bəylə söhbətlərimdə mən israr edirdim ki, şübhə doğuran işlərin qatıldığı siyahıları AŞPA kimi qurumda iş aparmaq üçün effektiv saymıram. AŞPA hüquq qurumu yox, siyasi qurumdur. Orada siyasi məhbus məsələsinin əleyhinə olan şəxslərin həmin siyahıdan 10-15 adamın üzərinə şübhə salan arqumentlər irəli sürməsindən sonra bütün siyahı üzərinə kölgə düşür, başqalarını da müdafiə etmək çətinləşir. Yadınızdadırsa Ştrasserin təqdim etdiyi siyahı ilə bağlı müzakirələrdə də bu üsuldan geniş istifadə olundu və nəticədə həmin qətnamə keçmədi. Amnesty İnternationalın bu sahədə peşəkarlığına hər yerdə inanırlar. Onların siyahısında təxminən 19-20 şəxs var idi o zaman. Bu siyahıya siyasi motivli olduğuna əmin olduğumuz bir neçə başqa şəxsləri də salmağı və bunun üzərində durmağı tövsiyə edirdim. Yeri gəlmişkən, AŞPA-nın özünün bu siyasi məhbus problemindən mümkün qədər özünü kənara çəkməyə çalışması, ən azı bu məsələyə baxılmasını uzatması aydın görünür. AŞ Baş Katibinin son həbslərdən sonra verdiyi bəyanat bunu deməyə əsas verir. Hələ iyun ayında görüşümüz zaman T.Yagland siyasi məhbus məsələsinin ölkədaxili dialoq vasitəsilə həllinə üstünlük verdiyini göstərirdi. AŞPA-nın üzvü olan neçə-neçə ölkədə- Türkiyə, Rusiya, Gürcüstan, hətta Ukrayna və sair ölkələrdə siyasi məhbus məsələsi ciddi problem kimi durur. Amma bütün Avropanın, eləcə də Avropa Şurasının daha qorxulu və ağrılı problemləri var indi. Bu bir üzvün, Rusiyanın başqa bir üzvün ərazisini işğal etməsi, kütləvi insan haqları pozuntusu, müharibə, ölüm və dağıntılar təhlükəsidir. Belə şəraitdə Avropa Şurasının hökumətlərin yaxın əməkdaşlığı olmadan siyasi məhbus kimi həssas məsələni həll edə bilməsi yaxın zamanlar üçün çətin görünür, təəssüf”.

 

R.Hacılı dialoq məsələsindən də danışıb və bunun vacibliyini vurğulayıb: “Siyasi məhbus məsələsi ilə bağlı siyahıların və kompaniyaların əhəmiyyətini kiçiltmək istəmirəm. Amma zənnimcə, indi ölkədaxili dialoq yoluyla bu problemlərin həllinə köklənmək lazım gələcək. Düşünürəm ki, bunun baş tutması və yaxşı nəticələr verməsi təkcə siyasi məhbus məsələsinin həlli baxımından yox, ölkənin siyasi yöndən güclənməsi və yaxın zamanlarda üzləşə biləcəyimiz kənar təhdidlərdən daha yaxşı qoruna bilməyimiz baxımından çox faydalı ola bilərdi. Ölkənin belə çətin siyasi və hüquqi problemlərin üstündən uğurla aşmaq gücünü göstərmiş olardı”.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303
avatar

Oxşar yazılar