Ordumuzun genişmiqyaslı təlimləri keçirilir
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 20-dək davam edəcək təlimlərdə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra ediləcək.
Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək.
Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək.
569