Leyla Abdullayeva Ermənistan XİN-in gülünc açıqlamasına münasibət bildirdi
“Azərbaycan bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib”.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN tərəfindən Nazir Elmar Məmmədyarovun “İzvestiya” qəzetinə müsahibəsini şərh edərək guya ki, Azərbaycanın “Kazan sənədi”ndən imtina etdiyi ilə bağlı sualı cavablandırarkən deyib.
O, əvvəlcə məsələnin tarixçəsini qısa olaraq xatırladıb: “Hazırkı proses 2004-cü ildə Praqada Ermənistan və Azərbaycan XİN-ləri səviyyəsində aparılan danışıqlarla başladı və 2007-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən “Madrid prinsipləri” kimi tanınan təkliflərin işlənib-hazırlanmasına gətirib çıxardı. 2009-cu ildə bu təkliflər təkmilləşdirilərək, “Yenilənmiş Madrid prinsipləri” adı altında təqdim olundu. Bu təkliflərə əsasən, 2009-2013-cü illərdə ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin başçıları münaqişənin həllinin əsas konturlarını göstərən birgə bəyanatlarla çıxış etdilər. Məhz bu məntiq həmsədrlərin sonrakı fəaliyyətlərində əsas götürülür və bəyanatlarında, o cümlədən cari ilin 9 mart tarixli bəyanatlarında öz əksini tapır. Ermənistan Xarici İşlər Nazirliyinə bu bəyanatların bütün müddəalarını yaddaşlarında yeniləmələrini tövsiyə edirik”.
XİN sözçüsü əlavə edib ki, “Kazan sənədi”nə gəldikdə isə, bu sənəd də BMT-nin Nizamnaməsi və Helsinki Yekun aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında tərtib edilmişdir: “Azərbaycan isə beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərimizin azad olunması və bu torpaqlardan didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını təmin edən bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib. Ermənistan tərəfinin bu kimi cılız və gülünc açıqlamalarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin, belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməli və bölgədəki sülh və təhlükəsizliyi, eləcə də işğalçı ölkənin özünün qeyri-konstruktiv mövqeyi səbəbindən düşdüyü dalandan çıxmasını təmin edə biləcək addımlar atmalıdır”.
1073