Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR
Hərbi yönümlü qeyri-hökumət təşkilatları icazəsiz kütləvi aksiyalarla ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirmək cəhdləri ilə bağlı bəyanatla çıxış edib.
Lent.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə bütün sahələrdə aparılan köklü islahatlar, dövlət siyasəti cəmiyyətin mütləq əksəriyyətinin rəğbəti ilə qarşılanır.
Azərbaycan xalqının ölkəmizin gələcək inkişafına, işğal altında olan torpaqlarımızın azadlığına inamı daha da güclənir. Təkcə bu il minimum əməkhaqqının 2 dəfə, pensiya və təqaüdlərin artırılması, şəhid ailələrinə, müharibə veteranlarına evlərin verilməsi sosial sahədə atılan addımlar əhalidə böyük rəğbət hissi yaradır.
Xüsusilə ordu quruculuğunda əldə edilən uğurlarla paralel olaraq diplomatik cəbhədə aparılan məqsədyönlü, cəsarətli iş, xüsusilə Prezident İlham Əliyevin bu günlərdə Soçidə və Aşqabadda işğalçı Ermənistan rəhbərliyinə verdiyi öldürücü cavablar ölkədə böyük ruh yüksəkliyinə səbəb olub.
Belə bir şəraitdə, ölkədə qarşısıalınmaz islahatları gözü götürməyən bəzi pozucu qüvvələr ictimai-siyasi sabitliyi pozmağa, əldə olunun nailiyyətlərə kölgə salmağa çalışan qüvvələr fəallaşıblar. Sosial dayağı olmayan bu cür qüvvələr ayrıca kütləvi aksiyalar keçirmək imkanında olmadıqları üçün əhalinin sıx hərəkət etdiyi yerlərdə iğtişaş törətməyə çalışırlar.
Son zamanlar paytaxtın mərkəzi yerlərində qanunsuz kütləvi aksiyalar keçirmək vasitəsilə xaos yaratmaq niyyətləri də bu qəbildəndir. Biz hərbi yönümlü QHT-lər narahatlıqla bildiririk ki, müvafiq hakimiyyət orqanlarının təklif etdiyi məkanlarda kütləvi tədbir keçirməkdən imtina edərək qanunsuz şəkildə mərkəzi yerlərdə aksiya keçirmək çağırışları paytaxtın həyat ritmini, sabitliyi pozmağa yönələn cəhdlərdir. Bu kimi pozucu cəhdlər cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən pislənilir.
Biz hərbi yönümlü QHT-lər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyimizi, dövlətçiliyimizə və xalqımıza qarşı yönələn təxribatların qarşısının alınmasında üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazır olduğumuzu bildiririk. Eyni zamanda, hüquq-mühafizə orqanlarını paytaxta ictimai-siyasi asayişi pozmağa yönəlmiş çağırışlarla bağlı hüquqi müstəvidə təsirli addımlara atmağa çağırırıq.
Bəyanatı aşağıda adları qeyd olunan təşkilatlar imzalayıb:
1. Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyi
2. Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi
3. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi
4. Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyi
5. Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyi
6. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi
7. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
8. “20 Yanvar” İctimai Birliyi
9. Azərbaycan Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi
10. "Qarabağ Qaziləri" İctimai Birliyi
11. “Əsgər Anaları” Şurası
12. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi
13. "Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi
14. Qarabağ Əlilləri və Veteranları İctimai Birliyi
15. Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
16. Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər İctimai Birliyi
17. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi
18. “20 yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi
19. Aztəminatlı Əlil, Veteran və Şəhid Ailələri İctimai Birliyi
20. Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyi
21. Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım İctimai Birliyi
22. Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri İctimai Birliyi.
746