Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb.
APA-nın xəbərinə görə, bu barədə onun "Facebook" səhifəsində məlumat yayılıb.
F.Abbasov 12 gün davam edən aclıq aksiyasına son verməyi qərara aldığını bildirib:
"Bunun başlıca səbəbi ürək qan-damar sistemində meydana gələn problemlərdir. Həm saxlanıldığım mərkəzin həkimləri, həm də təcili tibbi yardım xidmətinin həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını saxlayım. Amma təəssüflə bildirmək istəyirəm ki, aclıq aksiyasının əsl səbəbləri - mənim tutulmağım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanından geri qaytarılmağım və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb. Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə vətənimiz Azərbaycana qayıda biləcəm".
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.