İlham Əliyev: “Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir”
Prezident İlham Əliyev “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.
APA-nın xəbərinə görə, müraciətdə deyilir: “Hörmətli Simpozium iştirakçıları!
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Etnik-mədəni müxtəlifliyi və təbii-coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir. Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir.
İslam VII əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlamış və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilmişdir. Xalqımız yüz illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişlər.
Tarixən olduğu kimi, bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumunun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığın bariz nümunəsi idi.
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda, mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik.
“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun maraqlı və konstruktiv müzakirələr şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram”.
848