Bir neçə gün bundan öncə Bakıya səfər etmiş Fransanın tanınmış vəkili Oliviye Pardo və onun həmkarı Reyçel Flore Pardo Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadənin dəvəti ilə Bakıda olublar.
Bununla bağlı hüquq müdafiəçisinə müraciət edilib.
- Çingiz müəllim, bu günlərdə Bakıya səfər etmiş Oliviye Pardo kimdir?
- Oliviye Pardo əvvəllər hakim işləyib, indi isə Parisin 30 ən nüfuzlu vəkillərindən biridir. O, həmçinin Fransanın Ədliyyə nazirinin müşaviri, sonra isə Fransanın Əmək və Sosial İşlər nazirinin müşaviri olub. Hazırda Parisdə Vəkil Bürosunun rəhbəri kimi fəaliyyət göstərən Pardo Azərbaycanın Fransadakı səfirliyinə hüquqi yardım göstərən və Fransa məhkəmələrində Azərbaycan dövlətinin maraqlarını qoruyan bir şəxsdir.
- Azərbaycan dövlətinin maraqlarını qoruyan şəxs deyərkən, Oliviye Pardo hansı işləri görüb?
- Pardo ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ regionu və orada yerləşən şəhər və kəndləri ilə Fransanın 12 şəhəri və 2 departamenti arasında imzalanmış əməkdaşlığa dair 14 müxtəlif qanunsuz “saziş” və “xartiya”ların ləğvi ilə bağlı Fransa məhkəmələrində Azərbaycan dövlətinin maraqlarını qoruyub və qorumaqda davam edir. Hazırda həmin 14 “saziş” və “xartiya”ların 10-u ləğv edilib (8- məhkəmə yolu, 2-si isə yerli idarəetmə orqanlarının qərarı ilə). Yeri gəmişkən bildirim ki, axırıncı qərar bir həftə bundan öncə 17 oktyabr tarixində Fransanın Lion İnzibati Məhkəməsi tərəfindən ləğv edilib. Bu ləğv olunan “saziş” Fransanın Vilörban Kommunası və Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 18 may 2015-ci ildə imzalanmış qeyri-qanuni “saziş” idi. Həmçinin hazırda 1 “sənəd” məhkəmənin icraatındadır, 3-ü ilə əlaqədar isə Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən müvafiq iş aparılmaqdadır. Onu da qeyd edim ki, səfirliyimiz sözügedən 3 “sənəd”in məhkəməyə verilməsi işində həm merlərin, həm də prefektlərin güclü müqaviməti ilə üzləşirlər.
- Səfər çərçivəsində təşkil edilən görüşlər barədə nə deyə bilərsiniz?
- 20-23 oktyabr tarixlərini əhatə edən səfər çərçivəsində qonaqlar ilk olaraq AR-nın Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşdü. Görüşdə Avropa Məhkəməsinin “Çıraqov Ermənistana qarşı” qərarı, hazırda azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı Avropa Məhkəməsinin icraatında olan “Əsgərov və digərləri Ermənistana qarşı” işinin xüsusatları müzakirə edildi. Həmçinin AR-nın Vəkillər Kollegiyası ilə cənab Pardonun rəhbərlik etdiyi Vəkil Bürosu arasında gələcək əməkdaşlıqla bağlı detallar da müzakirə edildi.
Fransalı vəkillər həmçinin AR-nın Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsi və AR-nın Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbərliyi ilə görüşdülər.
Habelə Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevlə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə, Yəhudi İcmasının rəhbəri Milix Yevdayevlə görüşlər təşkil edilib. Real TV-yə müsahibə verib, AzTV və İTV-nin isə qonağı olublar.
- Fransalı qonaq şəhərimizlə tanış oldumu? Səfər təəssüratı necə idi?
- Təbii ki, Azərbaycan xalqına məxsus olan qonaqpərvərliyi hər zaman olduğu kimi, yenə də nümayiş etdirdik. Qonağımız Bakı ilə tanış oldu, İçərişəhəri gəzdi. Bakıda çox gözəl memarlıq abidələrinin olduğunu, müasir və qədim tikililərin gözəl vəhdət təşkil etdiyini və Bakıya səfərindən məmnun qaldığını bildirdi. Qonaqlar Azərbaycanın Qərbdə multikultural və dinamik inkişaf edən ölkə kimi tanınmasının daha da sürətləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi.
- Çingiz müəllim, cənab Oliviye Pardo və onun vəkillərindən ibarət komandası qeyd etdiyiniz qanunsuz müqavilələrin ləğv edilməsi üçün nələri əsas gətirərək hüquqi müstəvidə mübarizə aparırlar?
- Qeyd edim ki, həmin qanunsuz dediyimiz müqavilələr birinci növbədə Fransa Konstitusiyasının 73-cü maddəsinə ziddir. Fransa Konstitusiyasının 73-cü maddəsində qeyd edilir ki, Fransanın regionları, vilayətləri, şəhərləri və kəndləri bir qayda olaraq vətəndaşlıq, vətəndaş hüquqları, cinayət hüququ, müdafiə, pul, kredit, valyuta, seçki qanunu və xarici siyasəti və s. özbaşına həyata keçirə bilməzlər.
Yəni yuxarı Ali orqanların razılığı və qərarı olmadan belə hərəkətlərin həyata keçirilməsi Fransa Konstitusiyasına ziddir. Göründüyü kimi yuxarıda qeyd etdiyimiz “saziş”lərin xarici siyasətə aid olduğunu rəhbər tutaraq regionların belə “saziş”ləri bağlamaqları qeyri-qanuni hesab olunur. Əslində bu yerli özünüidarəetmə orqanlarının özbaşına və qanuna zidd hərəkətlərdir. Onu da qeyd edim ki, Fransanın bəzi regionlarında keçirilmiş yerli seçkilər zamanı bəzi siyasətçi namizədlər seçkidə qalib gəlmək üçün müxtəlif vədlər verirlər. Bu “müqavilələr” də erməni lobbisi güclü olan bölgələr tərəfindən həyata keçirildiyi üçün belə deyə bilərik ki, bu cür “saziş”lərin bağlanması seçkilər zamanı verilmiş sözlərə xidmət edir. Hal-hazırda qalan 4 “saziş”in də tezliklə ləğv edilməsi yönündə işlər gedir.