Emin Həsənli: 15 iyun xalqımızın milli qurtuluş yolunun başlanğıcıdır
13 iyun 2019 15:20 (UTC +04:00)

Emin Həsənli: 15 iyun xalqımızın milli qurtuluş yolunun başlanğıcıdır

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mühüm bir mərhələnin başlanğıcıdır.
 
 
Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, politoloq Emin Həsənli AZƏRTAC-a açıqlamasında deyib.
 
 
E.Həsənli bildirib ki, hər bir xalqın və dövlətin tarixində həlledici, taleyüklü anlar, əsaslı dönüş məqamları var. Belə məqamlarda xalqını irəliyə aparan, dövlətin sükanı arxasında dayanan güclü, müdrik liderlərin olması həyati önəm daşıyır. Yalnız bu halda ən çıxılmaz görünən böhranlardan qurtulmaq, çətin sınaqlardan uğurla çıxmaq mümkündür. Dövləti və dövlətçiliyi qorumağa çalışan qüdrətli, uzaqgörən liderlər belə ağır dönəmlərdə öz xalqına, millətin yekdil dəstəyinə arxalanırlar. Təbii ki, xalq da qurtuluş və nicatını xilaskar liderinin göstərdiyi yolda, apardığı siyasətdə gördüyü üçün onu birmənalı şəkildə dəstəkləyir. 15 İyun – Milli Qurtuluş Günü də Azərbaycan xalqının və dövlətinin taleyində həlledici dönüş məqamıdır.
 
 
Həmin dövrdə bir tərəfdən Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən Azərbaycan digər tərəfdən vətəndaş müharibəsi, separatçılıq meyilləri, eləcə də bütün sahələrdə dərin tənəzzüllə üzləşmişdi. Müstəqilliyin əvvəllərindən etibarən intensiv və açıq mərhələyə keçən erməni təcavüzü, respublikaya bir-birinin ardınca naşı, zəif, bəsirətsiz rəhbər şəxslərin təyin olunması Azərbaycan xalqını dərin sosial-iqtisadi tənəzzül, torpaqlarımızın və müstəqilliyimizin itirilməsi təhlükəsiz ilə üz-üzə qoymuşdu. Ən dəhşətlisi isə o idi ki, səriştəsizlik, başıpozuqluq, səbatsızlıq ordu quruculuğu sahəsində özünü daha qabarıq şəkildə göstərirdi. Hərbi işdə heç bir biliyi və səriştəsi olmayan, milli dövlətçilik mənafeyindən uzaq adamlar Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilir, orduda şəxsi mənafelər önə çəkilir, cəbhədəki uğursuzluqlardan şəxsi mənfəətlər və karyera hesabları naminə istifadə olunurdu. Peşəkar zabit kadrların çatışmaması və ya ordudan kənarda saxlanması cəbhədə ciddi itkilər və torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Get-gedə azğınlaşan erməni işğalçıları respublikada mərkəzi hakimiyyətin bacarıqsızlığından, ordunun başıpozuqluğundan istifadə edərək işğalın miqyasını durmadan genişləndirirdilər.
 
 
Politoloq vurğulayıb ki, belə bir acınacaqlı və ümidsiz vəziyyətlə üzləşən, ölkə rəhbərliyinə inamını tamamilə itirmiş xalqımız nicat yolunu dar gündə daim xalqının yanında olan Heydər Əliyevə üz tutmaqda görürdü. Bu ağır durumda xalqının çağırışına səs verən dahi şəxsiyyətin ölkəmizdə hakimiyyətə qayıtdığı gün – iyunun 15-i xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Əbədiyaşar liderinin xilaskarlıq missiyasını daim minnətdarlıqla xatırlayan xalqımız bu günü ən yüksək səviyyədə qeyd edir.
 
 
Ulu Öndərimizin hakimiyyətə qayıdışından qısa müddət sonra bütün sahələrdə ciddi dönüşün və irəliləyişin yaşandığını vurğulayan Emin Həsənli bu baxımdan prioritet məsələ kimi ordu quruculuğunu vurğulayaraq deyib: “Əbədiyaşar liderimizin fəaliyyətində ilk addımlardan biri nizami ordu quruculuğu oldu. Ulu Öndər xalqımızın, dövlətçiliyimizin qorunmasında, ərazi bütövlüyümüzün müdafiəsində həyati əhəmiyyətini nəzərə alaraq ordu quruculuğuna ən yüksək səviyyədə diqqət yetirdi, təxirəsalınmaz tədbirlər həyata keçirdi. Strateji planda ordu quruculuğunun bütün istiqamətlərində reallaşdırılan tədbirlər, vətənpərvər kadrların ordu sıralarına cəlb edilməsi, hərbi intizamın təmin olunması və s. əhəmiyyətli addımlar atıldı. Şəxsi heyətdə yüksək əhval-ruhiyyə, döyüş əzmi formalaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev cəbhəboyu hərbi hissələrə müntəzəm səfərlər edir, əsgər və zabitlərimizlə, yerli əhali ilə görüşlər keçirirdi. Silahlı Qüvvələrin yenidən formalaşdırılmaqda olan hissə və bölmələrinin vəziyyəti, cəbhə qayğıları, döyüş əhval-ruhiyyəsi şəxsən Ulu Öndərin iştirakı ilə yerindəcə yoxlanılır, təxirəsalınmaz məsələlərin həlli ilə bağlı mühüm tapşırıqlar verilirdi. Heydər Əliyev Azərbaycan torpaqlarının müdafiəsi üçün bir tərəfdən bütün dövlət orqanlarını hərbi-təşkilati işə səfərbər etdi, onların gərgin və davamlı fəaliyyətinə nail oldu, digər tərəfdən isə bütövlükdə xalqı Vətənin müdafiəsinə səfərbər edərək əhali ilə ordu arasındakı əlaqələri, xalqın orduya inamını və dəstəyini gücləndirməyə nail oldu”.
 
 
Politoloq vurğulayıb ki, Ümummilli Liderin qısa müddətdə uzaqgörənliklə və qətiyyətlə həyata keçirdiyi tədbirlər nəticəsində 1993-cü ilin sonu-1994-cü ilin əvvəllərində hərbi sahədə mühüm dəyişikliklər müşahidə olundu. Məhz həmin vaxt Azərbaycan Ordusu Ulu Öndərin Ali Baş Komandanlığı ilə cəbhədə uğurlu hücum əməliyyatları keçirərək işğal altındakı ərazilərimizin bir hissəsini azad etdi, düşmənə sarsıdıcı zərbələr vurdu. Təsadüfi deyil ki, bu qəti zərbədən, eləcə də ölkə həyatında bütün sahələrdə dinamik inkişafdan sarsılan Ermənistan atəşkəs müqaviləsi imzalamağa razı oldu. Atəşkəsdən sonra Azərbaycan Silahlı Qüvvələrinin ən müasir tələblər səviyyəsində yenilənməsinə imkan yarandı. Bu tədbirlər bu gün də davam edir.
 
 
“Bu gün fəxrlə demək olar ki, Ulu Öndərimizin ordu quruculuğu ilə bağlı ideya və tövsiyələri uğurla həyata keçirilir. Ordu-xalq, ordu-dövlət, ordu-vətəndaş cəmiyyəti kimi mühüm istiqamətlərdə ciddi irəliləyişlər əldə edilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu 15 ildən artıqdır Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz əzmi və iradəsi, davamlı diqqət və qayğısı nəticəsində durmadan həyata keçirilir, ölkəmizdə səfərbərlik və hərbi xidmətə çağırış işi ən müasir tələblər səviyyəsində aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması gənc nəslin vətənpərvərlik tərbiyəsi və həqiqi hərbi xidmətə hazırlığının, vətəndaşların hərbi xidmətə çağırışının, Silahlı Qüvvələrin yeni çağırışçılarla komplektləşdirilməsinin təşkili yönündə mühüm uğurların qazanılmasına təkan verdi. Bütün bunlar onu göstərir ki, öz başlanğıcını 15 iyun – Milli Qurtuluş Günündən götürən müasir müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün regionun ən qüdrətli ordusuna çevrilib. Azərbaycan Ordusunun son üç ildə qazandığı Aprel və Günnüt zəfərləri ulu öndər Heydər Əliyevin nizami ordu quruculuğu istiqamətində əsaslarını müəyyənləşdirdiyi uzaqgörən siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin bariz örnəkləridir”, - deyə E.Həsənli vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869
avatar

Oxşar yazılar