Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb
16 sentyabr 2019 19:24 (UTC +04:00)

Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb

 
 
Xarici işlər naziri Elmar Məmmədyarov Romada BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) baş direktoru Qu Donyqu ilə görüşüb. 
 
XİN-dən APA-ya bildirilib ki, FAO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə Qu Donqyunu təbrik edən nazir Azərbaycanla FAO arasında əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirib. 
 
Qu Donqyu Azərbaycanı MDB məkanında FAO ilə ən səmərəli əməkdaşlıq edən ölkə kimi qiymətləndirib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi fəaliyyətini yüksək qiymətləndirib və FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılmasını müsbət təcrübə kimi dəyərləndirib.
 
Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına yararlı torpaqların bir hissəsinin işğala məruz qalmasının və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinin ölkəmizdə kənd təsərrüfatı sektoruna da böyük ziyan vurduğunu və ərzaq təhlükəsizliyinin təmin edilməsində ciddi çətinliklər yaratdığını bildirib. Elmar Məmmədyarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə dövlət qayğısı və bu istiqamətdə aparılan islahatların nəticəsi olaraq, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sektorunda əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Ölkəmizin FAO ilə əməkdaşlığının əhəmiyyətindən danışan nazir Elmar Məmmədyarov, bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və IDEA İctimai Birliyinin töhfələrini xüsusilə vurğulayıb.
 
Görüşdə Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri, habelə bu əməkdaşlığın Cənub-Cənub tərəfdaşlığı çərçivəsində və üçüncü ölkələrin də cəlb olunması yolu ilə inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
 
Görüşdən sonra nazir Elmar Məmmədyarov FAO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə təsis edilmiş “Azərbaycan otağı”na baxış keçirib. Elmar Məmmədyarovun nəzərinə çatdırılıb ki, Azərbaycanın mədəniyyətini və milli ruhunu əks etdirən “Azərbaycan otağı” öz dizaynı, cəlbediciliyi və praktikliyi baxımından FAO rəsmiləri tərəfindən yüksək qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar