APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunmuş təqdimat mərasimində müəlliflə yanaşı Azərbaycan millət vəkilləri, hökumət, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, kitab «TEAS Press» Nəşriyyat Evi tərəfindən tərcümə edilərək çap olunub. Kitab Nəşriyyatın ingilis dilindən tərcümə edilmiş ilk nəşridir. L. Foks Böyük Britaniya parlamentinin üzvü, müdafiə məsələləri üzrə keçmiş dövlət katibidir.
TEAS-ın sədri Tale Heydərov bildirib ki, müəllif dünyada baş verən qlobal hadisələr barədə geniş və maraqlı fikirlərə malikdir. Müəllif müasir dünyanın qlobal problemlərinin irəli sürülməsi və onların izahı zamanı standart yanaşmalardan fərqli, alternativ və diskussiyalı mülahizələrə üstünlük verib. Doktor Liam Foks kitaba məzmunlu ön söz yazıb: «Müəllif ön sözündə kitabın indiki dövrü və gələcəyi barədə maraqlı fikirlərini bildirib. Müəllifə görə Azərbaycan keçmişi və bu günü ilə dünyaya gözəl nümunədir. Düşünürəm ki, kitabdakı bu və digər müddəaların dəyərləndirilməsi ilə gələcəkdə Azərbaycan barədə dəyərli əsərlər yazıla bilər. «Qloballaşma», «qonşu dərdi», «körfəz, islam və qlobal yolayrıcıları», «terror zəmanəmizdə» və digər konkret və bəzən romantik fəsillər bir birini tamamlayır. Bu rəngarəng materiallar dərin siyasi təhlildən keçirilib, əsaslandırılmış nəticələr çıxarılıb. Bu kitab Azərbaycanın kitab-poliqrafiya həyatında mühüm hadisə kimi qiymətləndirilə bilər».
T. Heydərov prezident İlham Əliyevin diplomatik orqanların əməkdaşları ilə görüşdə Avropa ilə əməkdaşlıq sahəsində verdiyi tapşırıqları xatırladıb. O, Azərbaycanın beynəlxalq təhlükəsizlikdə, terrorizmlə mübarizədə fəal rol oynadığın qeyd edib: «Doktor Liam Foksun bu kitabının tərcüməsi və nəşri Azərbbaycanın Avropa dövlətləri ilə münasibətlərinin daha da möhkəmləndirilməsinə və Azərbaycanın dünyada tanıdılması işinə töhfədir. Kitab həmçinin sübut edir ki, lokal və regional çağırışlar tək və ya ölkələr qrupunun problemidirsə, qlobal çağırışlar bəşəriyyətin, planetin problemidir. Bu problemlərin həlli üçünsə dünyanın birləşməsi lazımdır».
Kitabın redaktoru Kərim Şükürov isə qeyd edib ki, TEAS Azərbaycan üçün vacib olan bir sıra layihələrə imza atıb. K. Şükürov onu da bildirib ki, kitabın müəllifi ixtisasca həkimdir və siyasətə də oradan gəlib.
Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşrinə görə TEAS rəhbərliyinə təşəkkürünü bildirən L. Foks onu kitabın yazılmasına vadar edən səbəbləri sadalayaraq onun geniş auditoriya üçün nəzərdə tutulduğunu deyib: “Dünyanın bir guşəsində yaranan problem dünyanın o biri guşəsində təcəssüm edir. Dünyada baş verən dəyişikliklərin sürətini heç vaxt biz belə düşünə bilmirdik. Keçmişdə Çindən İpək yolu ilə Avropaya 30 ilə getmək mümkün olurdusa, bu gün bir anda göydə 500 min sərnişinin uçduğunu görərik».
Müəllif qeyd edib ki, kitabda dövlətləri narahat edən məsələlər ön plana çıxarılıb. Bura maliyyə böhranları, münaqişələr, terrorizmlə mübarizə və s. daxildir: «Bu kontekstdə deyirəm ki, Azərbaycanın üzləşdiyi məsələlər də həllini tapmalıdır - diplomatik yazışmalar şəkilində deyil, bilavasitə beynəlxalq hüquq çərçivəsində».