Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü başladı - YENİLƏNİB
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Türkiyə-Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra nazirlərin üçtərəfli görüşü keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov üç ölkənin təhlükəsizliyi və hərbi əməkdaşlığı baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir qeyd edib ki, artıq 7-ci dəfədir, bu formatda görüş keçirilir.
Türkiyə və Gürcüstanın müdafiə nazirləri də əməkdaşlığın inkişafı üçün bu görüşün keçirilməsini vacib sayıblar. Üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri regional təhlükəsizlik məsələlərini, ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüş çərçivəsində, Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı təsdiqlənib. Planı Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Levan İzoriya imzalayıb. Əməkdaşlıq planında Müdafiə Nazirlikləri arasında müxtəlif mövzularda məsləhətləşmələrin təşkili, birgə təlimlərin keçirilməsi və digər məsələlər öz əksini tapır.
10:48
Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında ikitərəfli görüş keçirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, nazirlər arasında ikitərəfli görüş başa çatdıqdan sonra üçtərəfli formatda davam etdiriləcək. Tədbirin sonunda brifinq keçiriləcək.
10:26
Bu gün Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.
APA-nın yerli bürosunun xəbərinə görə nazirlər əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsi önünə və şəhid məzarları önünə gül dəstələri düzüblər.
Sonra hər üç ölkənin müdafiə naziri ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb.
Heydər Əliyev Konqres Mərkəzində başlayacaq görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
709