[b]Avropa Şurasında Dağlıq Qarabağ haqqımda müzakirələr aparıldı[/b]
Avropa Şurasının mənzil-qərargahında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən bəhs edən tədbir keçirilib.
ONA xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2019-cu il 8-12 aprel tarixlərində Strasburqda keçirilən yarım-sessiyası çərçivəsində, aprelin 9-da Avropa Şurasının mənzil-qərargahında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən bəhs edən tədbir təşkil edilib.
Tədbirdə əsasən AŞPA üzvləri, katibliyin əməkdaşları, yerli ictimaiyyət nümayəndələri və habelə Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.
“Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” başlığı altında
baş tutan bu toplantını giriş sözü ilə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidov açıb.
O, Ermənistan və Azərbaycan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli barədə Avropa Şurası qarşısında götürülmüş birgə öhdəliyi xatırladıb, ölkəmizin işğal olunmuş ərazilərində aparılan fəaliyyətlərin sözügedən öhdəliyə zidd olduğunu bildirib və bu qanunsuz addımların həmin torpaqlardan qovulmuş məcburi köçkünlərin hüquqlarını pozduğunu ifadə edib.
S.Seyidov Avropa Şurasının münaqişənin nizamlanması məsələsinə daha yaxından diqqət yetirməli olduğunu vurğulayıb.
Tədbirdə ilk məruzəçi kimi çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov İHAM-ın işğal olunmuş ərazilərlə bağlı qərarlarından bəhs
edib.
O, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyətini təsbit edən mühüm məhkəmə qərarlarını xatırladıb və bu xüsusda, Avropa Məhkəməsinin 2015-də
ildə çıxardığı “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə verilmiş hökmə ayrıca diqqət yetirib.
Ç.Əsgərov bu qərarların Dağlıq Qarabağ münaqişəsi perspektivindən Ermənistan üçün doğurduğu hüquqi öhdəliklər barədə məlumat verib.
İtaliyanın paytaxtı Roma şəhərində yerləşən Luiss Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti öz növbəsində işğal olunmuş ərazilərdə beynəlxalq
humanitar hüquq və eləcə də insan hüquqlarının icrası sahəsində mövcud nəzəri yanaşmalar haqqında danışıb və həmin yanaşmaların Azərbaycanın işğal olunmuş
ərazilərində tətbiqinin mümkün nəticələri barədə fikirlərini bölüşüb.
Nəhayət, “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Zakir İbrahimov öz məruzəsində əsas diqqəti ölkəmizin işğal olunmuş ərazilərində yeraltı
ehtiyatların qanunsuz istismarı və ticarətinə yönəldib.
O, aparılan qanunsuz fəaliyyətlər əsasında Azərbaycana yetirilən xələldən söz açıb və onların qarşısının alınması sahəsində mövcud beynəlxalq mexanizmlər haqqında məlumat verib. Z.İbrahimov həmçinin işğal olunmuş ərazilərimizdə qeyri-qanuni mədən qazıntıları aparan, erməni əsilli Valeri Mejlumyana məxsus “Valleks Qrupu”nun əməliyyatlarını ifşa edib və bu fəaliyyətdən əldə olunan gəlirlərin qanunsuz rejimin maliyyələşdirilməsində istifadə olunduğunu qeyd edib.
Tədbirə yekun vuran S.Seyidov səsləndirilmiş maraqlı məruzələr əsasında geniş həcmdə önəmli məlumatların təqdim edildiyini ifadə edib və bu məlumatların AŞPA
daxilində Azərbaycan nümayəndə heyətinin əlaqədar sahədə gələcək fəaliyyətlərinin əsasında dayanacağını bildirib.
729