"Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut edib" - Nazir müavini
“Azərbaycan iqtisadi islahatlar, habelə korrupsiyaya qarşı mübarizə ilə yanaşı, qanunların rolunun gücləndirilməsi, insan hüquq və azadlıqlarına hörmətin təmin edilməsi sahəsində uğurlu siyasət həyata keçirir”.
APA-nın xəbərinə görə, bunu “Şərq Tərəfdaşlığı”nın 10-cu il dönümünə həsr olunmuş Batumi Beynəlxalq Konfransında çıxış edən Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın 10 il ərzində gördüyü işləri şərh edərkən deyib.
Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanın demək olar bütün qonşuları ilə strateji əməkdaşlığı mövcuddur: “Azərbaycan özünü regionda etibarlı tərəfdaş kimi sübut edib. Ancaq təəssüf ki, əlaqələr, ticarət layihələri kimi bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib. 2013-cü ilin oktyabrında Avropa Parlamentində qəbul olunmuş qətnamədə qeyd olunduğu kimi Avropa İttifaqının qonşuluq siyasətinə görə, “Şərq Tərəfdaşlığı”na üzv ölkələrdən biri digərinin ərazisini işğal edə bilməz. Bu, yalnız BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi, ATƏT sənədlərində deyil, həm də Avropa İttifaqının sənədlərində öz əksini tapıb. Avropa İttifaqını xarici və təhlükəsizlik siyasəti üçün nəzərdə tutulan qlobal strategiyasına görə, suverenlik, müstəqillik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli qurumun təhlükəsizliyinin əsas elementləridir. Biz bu qaydanı bütün sənədlərdə, səviyyələrdə və çərçivələrdə əks etdirməliyik. İnanırıq ki, “Şərq Tərəfdaşlığı”nın gələcəyi, uğuru regionda təhlükəsizliyin və stabilliyin qorunub saxlanılmasından asılıdır”.
1042