"Araşdırmaq lazımdır, niyə əlillərin belə əsəbi reaksiyası var?" - Deputat
“Bizim işğal olunmuş torpaqlarımızda qanunsuz məskunlaşanlar, sərmayə qoyanlar haqqında cinayət işi açılmalıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, bu barədə qanunun qəbul edilməsinə ehtiyac var.
Deputat sentyabrın 28-də bir qrup Qarabağ müharibəsi əlili ilə SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş vermiş insidentə də toxunub: “Polis həmin hadisə zamanı təmkin nümayiş etdirdi. Arzulayırıq ki, əlillər barədə də cinayət işi açılmasın. Araşdırmaq lazımdır ki, niyə əlillərin belə əsəbi reaksiyası var? Sökülən evin ətrafında evlər var. Əlillər də deyir ki, niyə həmin ev sökülmür, amma onlara qarşı belə münasibət göstərilir? Digər tərəfdən, belə hallarda məhkəmə qərar verməlidir. Ancaq neft şirkətinin əməkdaşları elə durum yaradır, polisi dəvət edirlər və belə hal ortaya çıxır. Polisi belə təxribatlara cəlb etmək olmaz”.
1006