“Hər şeyin özülü məhz o gün qoyuldu” – Elməddin Behbud
"15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü XX əsrin sonunda milli taleyimizə möhürünü vuran ən həlledici tarixdir”.
Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud deyib.
Onun fikrincə, qurtuluş günü Azərbaycanın dövlət kimi bütün sahələrdə inkişafının təməl nöqtəsidir:
"Bütün əzəməti ilə tarixin özünə, milli simvola çevrilməyi bacarmaq, əsrin əvvəlindəki, cəmi 73 il öncəki məhbus taleyi yenidən yaşamaq riskiylə açıq şəkildə üz-üzə dayanan dövləti yuvarlandığı yerdən qaldırıb dönməz və sürətli yüksəliş yoluna yönəltmək, səbrin, iradənin, təcrübənin, bilik və bacarığın ali zirvəsini fəth etmək ucalığını tarixdə nə qədər şəxsiyyətin fəth edə bildiyi dəqiq məlum deyil. Ancaq bu birmənalıdır ki, bizlər belə bir günün, 26 il öncəki tarixin və xalqıyla birgə tarix yazan böyük şəxsiyyətin - ümummili lider Heydər Əliyevin müasirləriyik.
Bu gün beynəlxalq aləmdə sahib olduğumuz nüfuzun da, qibtə edilən ictimai-siyasi sabitliyin də, bütün sferalardakı inkişafın da möhkəm özülü məhz o gün qoyuldu: Milli Qurtuluş günündə.
Çağdaş tariximizdə oynadığı və heç zaman bitməyəcək misilsiz rola malik o böyük günü də, onun yaradıcısını, yalnız o günün deyil, bütün zamanların Böyük Liderini də hərzamankı kimi böyük sevgi, minnət və hörmət hissi ilə anırıq!”
1646