“Həmin xarici qüvvələr istəklərinə nail ola bilməyəcəklər”
13 mart 2013 15:13 (UTC +04:00)

“Həmin xarici qüvvələr istəklərinə nail ola bilməyəcəklər”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə “Ordu-cəmiyyət əlaqələri: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirib.

 

Lent.az-ın məlumatına görə, Birliyin sədri Emin Həsənli deyib ki, Bakının mərkəzində ordu ilə bağlı aksiya keçirilməsini və bu gün bizim də bununla bağlı dəyirmi masa keçirəcəyimizi təsəvvür edə bilməzdik. O bildirib ki, həmin aksiyalarda iştirak edənlər müxalif partiyaların ətrafında bir qrup insanlardır. Onlar orduda baş vermiş əsgər ölümlərindən siyasi məqsədlə istifadə edirlər: “Əfqanıstanda, İraqda ABŞ əsgərləri eyni şəkildə dünyalarını dəyişir. Dünyanın digər inkişaf etmiş ölkələrinin ordularında da belə hallar olur. Ermənistanın Qarabağdakı ordusunda keçən il 67 əsgər, Ermənistanın öz ərazisindəki ordusunda 47 nəfər ölüb və yaxud intihar edib. Ancaq bu ölkələrdə orduya qarşı belə aksiyalara gəlinmir”.

 

E. Həsənli qeyd edib ki, Azərbaycanda 5-10 nəfər elə rəy yaratmağa çalışır ki, guya xalqı yalnız onlar istəyir, əsgərliyə getmək lazım deyil: “ABŞ Vyetnam müharibəsində ona görə məğlub oldu ki, xalqla ordu arasında həmrəylik yox idi. Ermənistanı dəstəkləyən bəzi xarici dövlətlər indi Azərbaycandakı müəyyən qruplar vasitəsi ilə xalqımıza ordumuz arasındakı həmrəyliyi pozmağa çalışırlar. Çünki Azərbaycan ordusu güclü bir orduya çevrilib, torpaqlarımıza işğaldan azad etməyə qadirdir. Digər tərəfdən, Azərbaycan Ermənistandan fərqli olaraq, sivil və demokratik dövlətdir. Hamı gördü ki, Ermənistanla saxta prezident seçkiləri keçirildi. Konstitusiya Məhkəməsi təsdiqləmədən Rusiya, ABŞ və Avropa dövlətləri Sarksiyanı təbrik etdilər. Hətta elə şərait yaradıblar ki, qardaş Türkiyənin prezidenti də bu təbriklər sırasına qoşulub”.

 

İctimai Birliyin sədri belə aksiyalardan ön cəbhədə qulluq edən zabitlərin də narahat olduğunu vurğulayıb “Xocalı soyqırımı ilə bağlı kampaniyanın başladığı bir zamanda Azərbaycanda aksiya keçirmək, ordudakı hadisələri siyasiləşdirmək təsadüfi sayıla bilməz: “Həmin xarici qüvvələr 2003, 2005-ci illərdə ölkəmizdə istəklərinə nail ola bilmədilər, yenə də nail ola bilməyəcəklər”.

 

Daha sonra tədbirdə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Veteran Qadınlar Assosiasiyasının sədri İradə Abbasova çıxış edərək, bu kimi aksiyaları pisləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614
avatar

Oxşar yazılar