Bakının Səbail və Nyu-Yorkun Bruklin inzibati rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb. Lent.az-ın məlumatına görə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-nın Nyu-York şəhərində səfərdə olub. Səfərin məqsədi Nyu-York şəhəri Bruklin inzibati rayonu ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması olub.
ABŞ-da səfər çərçivəsində Bakı şəhərinin Səbail rayonunun nümayəndə heyəti Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adamsla görüşüb. Görüşdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, Türkiyə Respublikasının Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi Mariyetta Rozental da iştirak ediblər.
Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından xəbərdar olduğunu vurğulayan Erik Adams, Nyu-Yorkun Bruklin ilə Bakının Səbaıl rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmaslara təkan verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Erik Adams 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onun yaddaşında çox zəngin təəssüratlarla qaldığını bildirib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini vurğulayıb və həmsöhbətini bu tədbirə dəvət edib.
Bununla yanaşı, tədbir iştirakçılarına Səbail rayonu və rayonda aparılan quruculuq işləri barədə məlumat verilib.
Görüşdən sonra Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakının Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.
Daha sonra yerli Azərbaycan icmasının yaratdığı “My Way” mədəni inkişaf mərkəzinin yetirmələri milli rəqslərimizdən ibarət mədəni proqram nümayiş etdiriblər.
Həmin gün yerli Azərbaycan icması tərəfindən ölkəmizin nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Ziyafətdə Bruklin rayonunun prezidenti Erik Adams iştirak edib.