Rusiya Ordusunun qəfil və genişmiqyaslı hücumlarına baxmayaraq Ukrayna ilə müharibədə ötən 2 ay müddətində ciddi uğurlar əldə edə bilməyib. Bütün dünyanın gözləntisinə zidd olaraq Ukrayna nəinki qısa zamanda işğal olundu, əksinə, uğurlu müdafiə və əks-hücum taktikası ilə Rusiya Ordusuna canlı qüvvə və hərbi texnika baxımından ciddi itkilər yaşatdı.
Lent.az Ukrayna Ordusunun vahid struktur kimi ayaqda qalmasında və Rusiya qüvvələrinə şiddətli müqavimət göstərməsində xüsusi rolu olan Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Valeri Zalujnı barədə məlumatı təqdim edir:
Valeri Zalujnı 1973-cü ildə Ukraynanın şimalında yerləşən Jitomir vilayətinin Novqorod-Volınsk şəhərində hərbçi ailəsində anadan olub. Onun atası Novqorod-Volınsk şəhərində yerli qarnizonda xidmət edirdi. Atasının yolu ilə gedən gələcək general Odessa Hərbi Akademiyasının Quru Qoşunları İnstitutunu, 2007-ci ildə isə Kiyevdə Milli Müdafiə Akademiyasını bitirir.
Zalujnı bir sıra vəzifələrdə, o cümlədən əlahiddə mexanikləşdirilmiş briqadanın qərargah rəisi, briqada komandiri vəzifələrində çalışır. Bundan sonra yenidən Kiyevdə Milli Müdafiə Akademiyasına qayıdır və 2014-cü ildə Viktor Yanukoviçin hakimiyyətdən getməsindən bir neçə ay sonra burada təhsilini bitirir.
Valeri Zalujnı 2014-cü ildə Ukraynanın şərqində baş qaldıran separatçı qüvvələrə qarşı döyüşlərdə aktiv iştirak edib. Ötən 8 ildə o və onun kimi bir çox döyüş zabiti təmas xəttində xidmət etməklə yanaşı, Ukrayna-NATO əməkdaşlığı çərçivəsində Avropanın bir çox poliqonlarında olub, Sovet Ordusu ilə NATO-nun döyüş doktrinalarındakı nəzəri və praktik fərqləri şəxsən müşahidə etmişdi.
Məhz bu müşahidələr əsasında 2014-cü ildən başlayaraq Ukrayna ordu quruculuğunda Qərb standartlarını əsas götürdü. Ölkənin qərbində NATO hərbi təlimatçılarının iştirakı ilə xüsusi təyinatlı qüvvələr də daxil olmaqla, müttəfiq qoşun növləri üçün təlim mərkəzləri açıldı.
NATO-nun hərbi hazırlığı və Donbasda alınan döyüş təcrübəsi azsaylı hərbi birləşmə rəhbərlərinə döyüş şəraitindən asılı olaraq təşəbbüsü ələ almağa və sərbəst qərar verməyə öyrətdi.
Bu Rusiya Ordusunda sovet ənənələri əsasında formalaşan və Ukrayna ilə müharibədə özünü doğrultmayan yuxarı rəhbərlikdən aşağı rəhbərliyə doğru idarəetmə modeli ilə ziddiyyət təşkil edirdi. Məhz ordu komandanlığının desentralizayası (əlahiddə hissələr bölünmə) Ukraynanın Rusiyaya qarşı hələ də uğurla davam edən inadlı və intizamlı müqavimətinin əsas bünövrələrindən biri idi.
Təsadüfi deyil ki, müharibədən 1 il qabaq general Zalujnı Rusiya və Ukrayna Ordusunun idarəetmə sistemi və əsgərlərin fərdi hazırlıq fərqlərini açıqlamışdı: “Ordumuzun yeni çavuşları Rusiya ordusundakı kimi qurbanlıq qoyun rolunda olmayacaq. Onlar tamamilə başqa nəsildirlər. Gənc zabitlərimiz hamısı xarici dil bilir, qadjelətdən istifadə edir, mütaliə edirlər. Onlar real köməkçilərdirlər və tezliklə funksionallıq baxımından tezliklə zabitləri əvəzləyəcəklər. Dəyişikliklər gedir və daha 2013-cü ilin ordusuna qayıtmayacayıq”.
Briqada komandiri kimi 2014-cü ildə Donbas bölgəsində döyüşlərə rəhbərlik edən Zalujnı müharibə xatirələrini ötən il “Armiyinform” agentliyinə müsahibəsində bölüşmüşdü.
“Mənim üçün müharibə 2014-cü il iyulun ortalarında Donetsk vilayətində formalaşan “C” sektorunun komandiri təyin olunmağımdan başladı. Debaltsevo istiqamətində 25-ci batalyonu döyüş mövqelərin yerləşdirməyimi kifayət qədər yaxşı xatırlayıram. İlk döyüşlər, ilk itkilər... O vaxtdan Donbasda formalaşan bütün qruplaşmalara rəhbərlik etmişəm. Sonda Birləşmiş Qüvvələrin Baş Qərargah rəisi postuna yüksəldim”, - o söyləyib.
Birləşmiş Qüvvələrin Baş Qərargah rəisi kim Ordu komandanlığının NATO standartlarına uyğunlaşdırılmasında iştirak edən Zalujnı Müdafiə Nazirliyi və Baş Qərargah arasında funksiya bölgüsünü həyata keçirir. Məhz bu illərdə o, Rusiya Ordusu və Donbas regionundakı separatçı qüvvələrə qarşı effektiv döyüşlər üçün taktikanı müəyyən edir.
Zalujnının təklif etdiyi “vur, qaç” taktikası Rusiya Ordusunun hücum əməliyyatlarının ləngiməsinə, bəzi istiqamətlərdə isə tamamilə dayanmasına yol açıb.
Tank əleyhinə raketlərlə və snayper tüfəngləri ilə silahlanmış kiçik mobil kəşfiyyat-diversiya qrupları Rusiya Ordusunun logistika təminatlarına, kilometrlərlə uzanan hərbi kolonlarına effektiv zərbələr endirməyə, relyefin üstünlüklərindən maksimum yararlanmağa imkan verib.
Məhz bu effektiv taktika, artilleriya və pilotsuz uçuş aparatları arasında atəşi korrektə etmək üçün qurulan etibarlı koordinasiya və Qərbin verdiyi müasir silahlar Rusiya Ordusunun 50-dnə çox taktik qrupunu darmadağın etməyə, çoxsaylı itkilər yaşatmağa imkan verib.
Rusiya Ordusunun Kiyev, Çerniqov və Sumı vilayətlərindən geri çəkilməsi də məhz çoxsaylı itkilərlə bağlıdır.
Ara-sıra “Facebook” səhifəsində müharibədəki operativ situasiya ilə bağlı paylaşımlar etsə də, bu günə qədər general KİV üçün geniş müsahibə verməyib.
İctimaiyyət və dünya KİV-i qarşısında müharibənin əsas siması Prezident Vladimir Zelenski olsa da, məhz Prezidentin 2021-ci ilin iyulunda Orduya baş komandan təyin etdiyi Nikolay Zalujnı Rusiya-Ukrayna müharibəsinin gedişini müəyyən edən əsas şəxs sayılmalıdır.