Şuşanın azad edilməsi Zəfərin zirvəsi oldu
08 noyabr 2024 09:29 (UTC +04:00)

Şuşanın azad edilməsi Zəfərin zirvəsi oldu

Şuşa şəhərinin işğaldan azad edilməsinin dördüncü ili münasibəti ilə şəhərə media-tur təşkil olunub.

Lent.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan turda media nümayəndələri ilə yanaşı şəhərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən döyüşçülər və hərbi ekspertlər iştirak edib.

Qeyd edilib ki, 2020-ci ilin noyabr ayının 8-də Şuşanın 30 illik işğaldan azad edilməsi 21-ci əsr Azərbaycan tarixində ən böyük qəhrəmanlıq salnaməsindən biri kimi tarixə yazılıb.

Coğrafi relyefi və strateji əhəmiyyətinə görə alınmaz qala sayılan Şuşa ötən əsrin 90-cı illərində işğal edilsə də, XXI əsrin 20-ci ilində Azərbaycanın haqq savaşının, Qarabağ zəfərinin zirvəsi oldu. 4 il əvvəl - 2020-ci il noyabr ayının 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.

Heç kimə sirr deyil ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanırdı. Elə bu amalla da qəhrəman Azərbaycan hərbçiləri yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan aşıb Şuşaya doğru inamla irəlilədi.

Şuşada həmsöhbət olduğumuz hərbçilərdən biri deyir ki, Şuşaya gedən yollar çox sıldırım qayalıqlardan ibarət və şəhər düşmən bölmələrinin ən çox olduğu yerlərdən idi: “Biz başqa bölmələrimizin irəliləməsi üçün onlara zəmin yaradırdıq. Düşmən hədəflərini vaxtında dəqiq məhv edilirdi. Tanklarla, digər zirehli texnika ilə silahlanmış, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi”.

Başqa bir hərbçi həmsöhbətimiz deyir ki, noyabr ayının 3-də Şuşa ətrafında döyüşlərə başlayıblar: “Ərazinin relyef baxımından çətin olmasına baxmayaraq, ordumuz Şuşa ətrafında döyüşlərə başladı. Bölmələrimiz düşməni məhv edərək mövqeləri təmizlədi, ermənilər əks-hücuma keçməyə çalışsa da, Azərbaycan Ordusu onun qarşısını qətiyyətlə aldı.”

Digər həmsöhbətimiz isə xatirələrini belə bölüşür: “İtkilər verərək, şəxsi heyət itirərək, texnikaları itirərək, düşmən geri çəkilməyə məruz qaldı. Ordumuz böyük qürur hissi ilə Şuşa şəhərinə daxil oldu. Şuşa küçələrində döyüşlərə başladıq. Biz böyük şücaətlə, Şuşa şəhərini noyabrın 8-də günün sonunadək düşməndən təmizlədik. Müharibə nə qədər çətin olsa da bizim tapşırığımız şəhərin işğaldan azad olunması idi. Düşmən məhdudiyyəti nə qədər olsa da, biz buna baxmayaraq, həmin çətinliklərin öhdəsindən gələ bildik.”

Hərbi şərhçi Ramil Məmmədlinin sözlərinə görə, Şuşa şəhərinin işğaldan azad edilməsi, əsas strateji hədəflərdən biri olsa da, son günə qədər bu plan tamam məxfi saxlanıldı: “Şuşanın azad edilməsi ordu komandanlığının qarşısına qoyulan əsas tapşırıqlardan biri idi, müharibənin ilk günlərindən... Həm Cəbrayılın, həm Hadrutun, Ərgünəş dağının, Məngələnata yüksəkliyinin, Qubadlı və Laçın istiqamətində mövqelərini gücləndirməsi və bir də Səfiyan yaşayış məntəqələrini nəzarətə götürməsi, dolayısı ilə Laçın yoluna, yəni...”

Bəli bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı.

Vaxtilə xəyal kimi görünən bu arzu 2020-ci ilin noyabr ayının 8-də reallığa çevrildi. Qarabağın döyünən ürəyi olan Şuşa düşməndən təmizləndi.

Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir addım da geri çəkilmədən, yorulmadan irəli getdi. Qarabağ müharibəsinin ikinci fazasında hər saat, hər gün misli görünməmiş qəhrəmanlıq dastanı kimi tarixə düşdü./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar