Suriyada döyüşən, Çeçenistanda yaralanan sülhməramlıların yeni komandanı - DOSYE
12 yanvar 2022 20:15 (UTC +04:00)

Suriyada döyüşən, Çeçenistanda yaralanan sülhməramlıların yeni komandanı - DOSYE

Ötən gün Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olunması barədə xəbər yayıldı. General-leytenant Rüstəm Muradov (2020-ci il noyabr - 2021-ci il sentyabr), general-mayor Mixail Kosobkov (2021-ci il sentyabr) A. Volkov təyinatına qədər Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsini daşıyırdı. 

Lent.az sülhməramlı qüvvələrin yeni komandanının dosyesini təqdim edir:

Andrey Volkov 1964-cü ildə Rusiyanın Kostroma vilayətində anadan olub. O, Kostroma Ali Hərbi Kimya Müdafiə Məktəbinə daxil olub. Hərbi məktəbi leytenant rütbəsində bitirən Volkov xidmətini Şimali Qafqaz Hərbi Dairəsində davam etdirir. Buradan öz ərizəsi ilə Əfqanıstana ezam olunması üçün müracət edir və 1986-cı ilin fevralında bu ölkəyə “internasional borcu”nu verməyə yollanır. Qunduz vilayətində Sovet ordusunun 201-ci motoatıcı diviziyasında, 1 il sonra isə Baqlan vilayətinin Puli-Humri şəhərində yerləşən motoatıcı alayın kimyəvi xidmət bölüyünə komandir təyin olunur. Burada xidmət keçdiyi dövrdə o, “Hərbi xidmətlərə görə” medalı və Əfqanıstanın “Ulduz” ordeni ilə mükafatlandırılır.

Əfqanıstandakı xidməti başa çatdıqdan sonra o, Şimali Qafqazda kapitan rütbəsində xidmətə davam edir. Əvvəlcə, Çeçen-İnquş Muxtar Respublikasında özüyeriyən artilleriya alayının kimya xidmətinin rəisi çalışır. 1991-ci ildə isə Moskvada Radiasiya, Kimya və Bioloji Müdafiə Hərbi Akademiyasının dinləyicisi olur. Akademiyada oxuduğu zaman o, eyni zamanda Moskva Hərbi Dairəsinin Qərargahında çalışıb, sonra isə Hərbi Akademiyanın Kimyəvi Təhlükəsizlik kafedrasında işləyir. 1999-cu ildə isə polkovnik-leytenant rütbəsində 58-ci Ümumqoşun Ordusunun Radiasiya, Kimya və Bioloji Müdafiə Xidmətinə başçılıq etmək təklifi alır. Moskvadan Çeçenistana ezam olunan Volkov qoşunun tərkibində 1999-cu ildə bölgədə başlayan hərbi əməliyyatlarda aktiv iştirak edir. Köhnə Ataqa, Urus-Martan rayonlarında döyüşən Volkov Alxan-Yurt kəndi istiqamətində yaralanır. 2000-ci ildə o, vaxtından əvvəl polkovnik rütbəsi alır. Polkovnik poqonlarını ona Rusiya Ordusunun hazırkı Baş Qərargah rəisi, o zamanlar 58-ci Ordunun Baş Qərargah rəisi Valeri Gerasimov şəxsən təqdim edir. Çeçenistandakı xidmətlərinə görə, polkovnik Andrey Volkov “Qəhrəmanlığa görə” ordeni və “Hərbi xidmətlərə görə” ordeni ilə təltif olunur. O, 2010-cu ildə Prezident Vladimir Putinin qərarı ilə general-mayor ali hərbi rütbəsi alır. Rusiya ordusunun Şərq Hərbi Dairəsində Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsini icra edir. 2017-c ildə o, Suriya Ərəb Respublikasına ezam olunur və Rusiya hərbi kontingenti tərkibində döyüşlərdə iştirak edir. Generalın rəhbərliyi altında Rusiya Ordusu Suriyada İŞİD qruplaşmasına qarşı Palmira şəhəri uğrunda döyüşlərdə aktiv iştirak edir. O, Suriyadan geri döndükdən sonra Rusiya Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qüvvələrinin rəhbəri təyin olunur. 2020-ci ilin noyabrında Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən sonra 6 ay ərzində kontingentin Baş Qərargah rəisi səlahiyyətlərini icra edir. Bu baxımdan, general Volkov Azərbaycanın Qarabağ bölgəsində xidmət keçəcəyi ərazini kifayət qədər yaxşı tanıyır.

# 7041
avatar

Vüqar İsmayılov

Oxşar yazılar