SEPAH İranın dostlarını da düşmən edir, ölkəni uçuruma yuvarlayır - TƏHLİL
03 oktyabr 2024 16:02 (UTC +04:00)

SEPAH İranın dostlarını da düşmən edir, ölkəni uçuruma yuvarlayır - TƏHLİL

İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İranın ordu, polis, jandarm və dövlət təhlükəsizlik orqanları funksiyalarını eyni zamanda icra edən hərbi-siyasi birləşmədir. Silahlı Qüvvələrlə paralel fəaliyyət göstərən birləşmə 1979-cu il İslam İnqilabından sonra İranın dini lideri Ayətullah Ruhullah Musəvi Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş bölmələri əsasında yaradılıb.

İran İslam Respublikasının konstitusiyasına görə, SEPAH-ın əsas vəzifəsi “İslam İnqilabını və onun nailiyyətlərini qorumaqdır”. Korpus birbaşa ölkənin ali dini rəhbərinə tabedir və tamamilə müstəqil fəaliyyət göstərir. SEPAH-ın ənənəvi qoşun növləri ilə yanaşı, xüsusi imtiyazlara malik və əsasən xaricdə əməliyyatlar aparan “Əl Qüds” qruplaşması da mövcuddur. Onun ehtiyacları ordudan öncə qarşılanır, ən yeni silah-sursat, texnika və vasitələrlə təmin edilir. Beləliklə, İslam İnqilabının Keşikçiləri Korpusu rəsmi Tehranın başlıca hərbi-siyasi və ideoloji dayağı hesab olunur, ölkənin daxili və xarici siyasi sektoruna təsir etmək imkanı olan qüvvəyə çevrilib.

O da qeyd olunmalıdır ki, SEPAH-ın nizamnaməsində İranın dövlət maraqlarını və ərazi bütövlüyünü qorumaq öhdəliyi ilə yanaşı, İslam dininə sitayiş edən xalqlara və müsəlman ölkələrə hərbi yardım etmək və həmin dövlətlərin kənardan təcavüzə məruz qaldığı zaman onlara dəstək vermək də var.

Amma kağız üzərində mütərəqqi səslənən bu prinsiplər SEPAH-ın real fəaliyyəti ilə kəskin ziddiyyət təşkil edir. SEPAH-ın 45 illik fəaliyyət dövrünə nəzər saldıqda, onun İslam həmrəyliyi və təəssübkeşliyindən sadəcə bir vasitə kimi istifadə etdiyini, real məqsədinin məhdud siyasi, hərbi və kommersiya maraqlarından ibarət olduğunu söyləmək olar. Bunu bir daha təsdiqləyən hadisə İranın İslam İnqilabi Keşikçiləri Korpusunun öz teleqram kanalında Azərbaycanı növbəti dəfə təhdid etməsi ilə bağlıdır. Paylaşımda bildirilir ki, İsrail İranın neft obyektlərinə hücum edərsə, cavab addımı kimi Səudiyyə Ərəbistanı, BƏƏ, Azərbaycan, Küveyt və Bəhreynin neft obyektlərinə zərbələr vurulacaq.

Bu absurd açıqlamada adı hallanan ölkələrin əhalisinin mütləq çoxluğu müsəlmanlardan ibarətdir. Beləliklə, “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın ölümünə görə İsrailə raket zərbələri endirən SEPAH, İsrailin buna qarşılıq verəcəyi tədqirdə rəsmi Təl-Əvivə deyil, məhz nizamnaməsində dəstək verməli olduğu müsəlman ölkələrini hədəf seçir. Halbuki, siyahıda adı keçən bəzi ölkələrin heç İsraillə diplomatik əlaqələri yoxdur, Azərbaycan da daxil olmaqla, digər ölkələr isə İsraillə siyasi-iqtisadi əlaqələr saxlayır və bu münasibətlərdən üçüncü tərəfə qarşı istifadə etmir. Odur ki, rəsmi Təl-Əvivə adekvat hərbi cavab vermək gücündə olmayan, ondan kəşfiyyat, texnologiya və müasir silah sarıdan çox gedirə olan SEPAH-ın bu açıqlaması sağlam məntiqə və elə İranın öz dövlət maraqlarına ziddir. “Əl Qüds” qruplaşmasının komandiri Qasım Süleymani başda olmaqla, 15-dən çox generalını son illərdə itirən SEPAH buna görə məsuliyyəti açıq şəkildə üzrəninə götürən ölkələrlə mübarizə aparmaq yerinə, dinc münasibətlərdə olduğu müsəlman ölkələrinə hədə gəlir. Bu onu göstərir ki, SEPAH müsəlman həmrəyliyindən uzaqdır və öz maraqları naminə bu şüarlarla çıxış edir.

Bunu Fələstində, SEPAH-la sıx dostluq münasibətlərində olan HAMAS hərəkatının aqibətinə baxdıqda görmək olar. İsraili təzyiq altında saxlamaq üçün önə verilən HAMAS SEPAH üçün sadəcə qurbanlıq keçi, İsrailə qarşı qalxan idi. Qəzza regionunda baş verənlər, insan tələfatı və dağıntılar onlar üçün heç bir maraq kəsb etmir.

Eyni sözləri, SEPAH-ın guya müqavimət zolağı kimi yaratdığı Suriya, İraq, Yəmən və Livandakı qruplaşmalar, xüsusən “Hzibullah”ın başına gələnlərdən görmək olar. Bütün burada kurasiya etdiyi təşkilatları önə çəkən İran SEPAH-ın simasında onlardan öz geosiyasi və geoiqtisadi maraqları üçün istifadə etdi. Qruplaşmalar İsrailin cavab zərbəsi ilə üzləşdikdə, çoxsaylı itkilər verdiyi zaman isə İslam İnqilabının Keşikçiləri Korpusu kənara çəkildi, ənənəvi hədələyici açıqlamalarından kənar heç bir əməli addım atmadı.

Son zamalar bəzi İran media orqanlarında, SEPAH və ona yaxın dairələr tərəfindən Azərbaycanın da İsrail-İran qarşıdurmasına cəlb edilməsi, münaqişə ilə bağlı müxtəlif səpkili xəbərlərdə rəsmi Bakının da adının çəkilməsi halları geniş vüsət alıb. Bu informasiya diversiyasının arxasında da regionda qeyri-sabitliyə çevirmək istəyən SEPAH dayanır. İran mediası və SEPAH-ın da daxil olduğu hakimiyyətin radikal qanadı Azərbaycan da daxil olmaqla, İsraillə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan siyasi və iqtisadi münasibətlər quran ölkələri hədəfə alır, baş verənlərə din həmrəyliyi pərdəsi altında mənfi don geyindirməyə çalışır.

SEPAH və İrandakı radikal hakimiyyət qanadı unudur ki, Azərbaycandakı müsəlman soydaşları 30 il boyunca qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalanda, Qarabağda Azərbaycanın müsəlman irsi məhv ediləndə, məscidlər dağıdılanda, qəbirlər təhqir olunanda və bir sözlə, İslam irsi yerlə-bir ediləndə İran baş verənlərə sadəcə susur, əksinə, həmin cinayəti törədən erməni rəhbərlərə qucaq açırdı. Özünü müsəlmanların müdafiəçisi adlandıran, əslində isə dinə bir vasitə kimi baxan SEPAH-ın sözləri bu gün heç bir müsəlman ölkəsində etimad doğurmur.

Əksinə, SEPAH bu gün iqtisadi sanksiyalar altında olan, dünyadan tədric duruma düşürülmüş İranı normal münasibətlər saxlaya bildiyi azsaylı ölkələrlə də, o cümlədən Azərbaycanla da düşmən etməyə, vətəndaşlarını cahillik, iqtisadi tənəzzül və total basqı altında saxlamağa və paralel şəkildə, din pərdəsi altında saxta təbliğat aparmağı planlaşdırır.

Bu ritorikanın davam etməsi isə bütün Yaxın və Orta Şərqə, ilk növbədə isə İranın özünə zərər verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4722
avatar

Vüqar İsmayılov

Oxşar yazılar