Məişət zorakılığı cinayətlərini biz artıq gündəlik müşahidə edirik. Bu səpkili cinayətlər qatı ağır cinayətləri də ötüb keçib.
Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu cinayətlərin qarşısı alınmalıdır:
“Bu cinayətləri yaradan səbəblər aradan qaldırılmalıdır. Mətbəxdə mübahisə düşür, əlinə alır baltanı, vurur təpəsinə. Bu zaman 102-yə zəng gedir. Digər tərəfdən uzunmüddətli psixoloji cinayətlər var. Biz hər gün rastlaşırıq ki, oğul atasını döydü ,öldürdü, ər arvadını öldürdü və s. Bunların qarşısı alınmalıdır. Amma informasiya kanallarında bu cinayətlərin qızışdırılmasına dair verilişlər gedir, nəinki bunun sakitləşdirilməsinə. İnformasiya kanallarında aparıcılar polisə, prokurora tapşırıqlar verir. Aparıcılar növbəti cinayətlərin törədilməsinə qapı açırlar. O verilişlərə dəvət olunan ekspertlər harada yetişib? İncəsənət xadimi gəlib ağıl öyrədə bilər?"
"İkincisi seriallardır. Dövlət vəsait ayırır ki, seriallar çəkilsin, insanların mənəvi tərbiyəsi formalaşdırılsın, mənəvi tərbiyəsini pozmasın. Qızlar, gəlinlər Həcərə, Nigara oxşamaq istəyirdisə, indi serialdakı obraza oxşamağa çalışır. Bunların qarşısı alınmalıdır və kəskin qanunlar qəbul edilməlidir ki, bu məsələlər öz həllini tapsın. TV özəldir, amma ona heç kəs ixtiyar verməyib ki, millətin mənəvi əxlaqını pozsun”, - deyə deputat əlavə edib.