Emmanuel Makron yeni hökuməti formalaşdırmağı 34 yaşlı Qabriel Attala həvalə edib. Bu Baş nazir Elizabet Bornun öz istefa ərizəsini Prezidentə təqdim etməsindən sonra baş verib.
Beləliklə, ötən ilin iyul ayından təhsil naziri vəzifəsində çalışan Attal beşinci respublika tarixində ən gənc baş nazir olub.
Lent.az 34 yaşlı Qabriel Attalın həyat yoluna işıq salır.
Qabriel Attal 16 mart 1989-cu ildə Parisin Klamart kommunasında anadan olub. Gənclik illərində o, Fransa Sosialist Partiyasının üzvü və fəalı olub, eyni zamanda nüfuzlu Paris Siyasi Elmlər İnstitutunda (Sciences-Po Paris) təhsil alıb.
2016-cı ildən Attal sürətlə populyarlıq qazanan Emmanuel Makronun düşərgəsinə keçir və burada uğurlu karyera qurur.
2018-ci ildə o, daha sonra adı “İntibah” adlandırılacaq “İrəli, Respublika” (La République en Marche) prezident partiyasının mətbuat katib olur. Bir neçə ay sonra 29 yaşlı Attal Təhsil Nazirliyində dövlət katibi vəzifəsinə təyin olunur və Beşinci Respublika tarixində hökumətin ən gənc üzvü seçilir.
Attal COVID-19 böhranının başladığı 2020-ci ildən 2022-ci ilə qədər hökumətin rəsmi nümayəndəsi kimi çalışır, 2022-ci ilin may ayında o, Elizabet Born hökumətində dövlət büdcəsinə cavabdeh olan nümayəndə təyin edilir. 2023-cü ilin iyul ayından isə Qabriel Attal təhsil naziri təyin olunur. Bu postda o heç 6 ay çalışmır.
Qabriel Attal təkcə gəncliyi və karyera pillələrini sürətlə aşması ilə deyil, həm də şəxsi həyatı ilə fərqlənir. Belə ki, 34 yaşlı siyasətçi açıq homoseksualdır və “İntibah” partiyasından Avropa Parlamentinin üzvü Stefan Sejurne ilə vətəndaş nikahında yaşayır.
Sejurne 2017-ci ildən “İntibah” partiyasının Baş katibi səlahiyyətlərini icra edir və Avropa parlamentində “Renew Europe” liberal yönümlü deputat qrupunun sədridir.
Əksər ekspertlər 2027-ci ildə prezident kürsüsünü tərk edəcək Emmanuel Makronun Qabriel Attalı öz siyasi varisi kim gördüyünü iddia edir.
Qeyd edək ki, son 7 ildə Makron artıq 4-cü dəfə yeni Baş nazir təyin edir.