Kamran Əliyev
01 may 2025 11:15 (UTC +04:00)

Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

Baş Prokuror Kamran Əliyev Milli Məclisə çıxış edib

“Mənim bu mühüm vəzifəyə yenidən təyin olunmağıma dair ali qanunvericilik orqanına təqdimatla müraciət etdiyi üçün Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının kollektivi adından dərin təşəkkürümü bildirirəm”. 

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən baş prokuror Kamran Əliyev deyib.

“Prokurorluq orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və qayğının göstəricisidir. 

Bu diqqət və qayğı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən də davam etdirilməklə prokurorluq əməkdaşlarının sosial müdafiəsi gücləndirilib, prokurorluq orqanlarının maddi-texniki bazası ən müasir tələblər səviyyəsində yenilənib, yeni prokurorluqlar -  Kəlbəcər, Qubadlı, Ağdam hərbi və Xankəndi şəhər prokurorluğu təsis edilib”, deyə o qeyd edib. 

K.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların mütərəqqi nəticəsi kimi onun tərəfindən imzalanmış müvafiq Fərmanlarla yaradılmış “Elektron Prokurorluq” informasiya sistemi artıq 2 ildən çox bir müddətdir ki, tətbiq edilməkdədir: “Nəticədə bütün prokurorluq orqanlarının işi rəqəmsallaşdırılmış, fəaliyyət istiqamətlərinə uyğun olaraq icraatlar üzrə proseslər sürətlənmişdir ki, bu da fəaliyyətimizdə çevikliyi artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməkdədir. 

Siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar bu yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur”. 

Baş prokuror prokurorluğun qarşısında duran əsas vəzifələrdən bəzilərini də sadalayıb:

“Dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən də xarici təhdidlərdən müdafiəsi;

Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndirilməsi; 

Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi;

Dövlət və özəl sektorda korrupsiyanın bütün təzahür formalarına, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi, eyni zamanda kölgə iqtisadiyyatına qarşı kəsərli mübarizənin aparılması;

Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində sahibkarların hüquqlarının qorunması, özəl sektorun inkişafına mane olan hüquqpozmaların qarşısı qətiyyətlə alınmaqla əlverişli biznes mühitinin təmin edilməsi;

Məhkəmələrdə dövlət ittihamının müdafiə edilməsi işinin təkmilləşdirilməsi, vahid və balanslaşdırılmış cəza siyasətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi, habelə cəza təyini və cəzadan azad edilmə halları zamanı ədalət prinsipinin tam təmin edilməsi;

Əhalinin hüquqi savadının artırılması məqsədilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, habelə əhalinin həssas təbəqəsinin, xüsusən uşaq, qadın, yaşlı və digər qrup şəxslərin hüquqlarının ən yüksək səviyyədə qorunmasının təmin edilməsi; 

Dövlətə və dövlətçiliyə sadiq gənc hüquqşünasların yetişdirilməsi, onların prokurorluq orqanlarında şəffaf prosedurlar əsasında işə qəbul edilməsi, müasir dövrün tələbinə uyğun olaraq prokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, layiqli kadrların vəzifələrdə irəli çəkilməsinin diqqətdə saxlanılması;

“Elektron prokurorluq” informasiya sistemi daim təkmilləşdirilməklə süni intellektin istifadəsinin təmin edilməsi, ölkə üzrə rəqəmsal cinayət prosesinin tətbiqinə nail olunması;

İkitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi və qabaqcıl təcrübənin öyrənilərək tətbiqinin təmin edilməsi.

Bu yüksək kürsüdən müraciət edərək, Azərbaycan Respublikasının Prezidentini, birinci Vitse-Prezidentini, Sizləri və bütövlükdə Azərbaycan xalqını əmin etmək istərdim ki, bundan sonra da Azərbaycan Prokurorluğu öz fəaliyyətinin göstərilən ali etimada layiq səviyyədə qurulması üçün Konstitusiya və qanunlarda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcəkdir”.

***

Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilib.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

***

09:24

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb.

Lent.az APA-ya istinadla bildirir ki, Prezident İlham Əliyev baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.

Məsələ müzakirələrdən sonra parlamentin plenar iclaslına tövsiyə edilib.

Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilib.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2018

Oxşar yazılar