Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədikləri barədə bəyanatlar qəbul edib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, hər iki Palatanın bəyanatında Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi hücumları qətiyyətlə pislənilir, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanıb.
Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Ermənistanla Azərbaycan arasındakı hərbi toqquşmalar dövründə ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərlə bağlı, Azərbaycanın Xocalı şəhərinə və ümumiyyətlə, Dağlıq Qarabağ bölgəsinə dəymiş ziyanla bağlı dərin narahatlıqlarını ifadə edərək həlak olanları yaxınlarının kədərinə şərik olduqlarını bildirir, həmçinin bu hadisələrin günahkarlarının mühakimə olunmasını istəyir.
Bəyanatlarda vurğulanır ki, Əfqanıstan Milli Şurası BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin ən qısa zamanda icrasına çağırır və Azərbaycanla Ermənistan arasında problemin birdəfəlik həll olunmasını istəyir.