“Ermənistan silahlı qüvvələrinin acizliyi fonunda Ermənistan ərazisindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı raket hücumu həyata keçirilir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Ermənistan bununla Cenevrə Konvensiyasını pozur: “İlkin olaraq Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket zərbəsi endirilib. Azərbaycan tərəfi həmin atəş hədəfini məhv edib. Dünən Ermənistan Füzuli istiqamətində “Smerç” sistemindən istifadə edilərək Cocuq Mərcanlı kəndini atəşə tutulub, 20-yə yaxın evə ziyan dəyib. Bu gün Gorusdan “Toçka-U” raketi vasitəsi ilə Şəmkirə raket atəşi olub. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən açılan bu atəşlə bağlı Azərbaycan Ermənistan ərazisində olan hərbi hədəflərə qarşı tədbirlər görəcək. Ermənistan silahlı qüvvələri istər şəxsi, istər texnika baxımından üzləşdiyi itkiləri bu cür kompensasiya etməyə çalışır. 20-dən artıq mülki şəxsimiz həlak olub, 50-dən çox mülki şəxsimiz yaralanıb”.