“Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir: “Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu 3 vasitəçinin hər biri mühümdür: “Mən müşahidə edirəm, görürəm və bilirəm ki, Dağlıq Qarabağ məsələsində onların çox nadir yekdil yanaşmaları olur. Bu, bəlkə də onların maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir”.