Latviya: “Hərbi əməliyyatlar de-yure Azərbaycan ərazilərində aparılır”
03 oktyabr 2020 18:26 (UTC +04:00)

Latviya: “Hərbi əməliyyatlar de-yure Azərbaycan ərazilərində aparılır”

Latviya Respublikası Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks RigaTV24 telekanalına müsahibə verib.

APA-nın məlumatına görə, A.Pabliks müsahibədə hazırda Dağlıq Qarabağ regionunda gedən hərbi əməliyyatlara da toxunub. Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra dondurulmuş münaqişə canlı müstəviyə keçib: “Ötən il Latviya Seyminin (Parlament) kürsüsündən çıxış edərkən son dövrlərdə beynəlxalq təşkilatların rolunun azaldığını, milli dövlətlərin öz üzərilərinə daha çox məsuliyyət götürdüklərini və bunun da öz növbəsində dialoqları əvəzlədiyini bildirmişdim. Əgər konkret olaraq Cənubi Qafqazda olan münaqişə haqqında danışırıqsa, deyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz hər iki tərəfin məsələni danışıqlar masası arxasında əyləşərək sülh yolu ilə həll etməsinə dair Latviyanın mövqeyini dəqiq formada ortaya qoyub”.

Onun sözlərinə görə, ancaq, gerçəklik budur ki, 26 ildir, işğal olunmuş 7 rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində bir tük qədər irəliləyiş olmayıb: “Latviya tərəfi olaraq biz hər hansı münaqişənin sülh yolu ilə həllinə sadiq qalırıq, eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipinə tərəfdarıq. Və biz bilirik ki, Azərbaycan hökuməti öz ərazilərinin 13 faizi üzərində nəzarətə malik deyil. Hal-hazırda baş verən hərbi əməliyyatlar qanuni olaraq de-yure Azərbaycan ərazilərində, de-fakto isə Azərbaycanın idarə etmədiyi ərazilərdə aparılır.

Biz dünya ictimaiyyəti tərəfindən bir tərəfdən müharibədə hər hansı döyüşən tərəfin dəstəklənməsi ilə bağlı çəkingən mövqe - çünki sülh hər zaman daha yaxşıdır -, digər tərəfdən isə beynəlxalq təşkilatların və aparılan dialoqların 26 ildir ki, uğurlu olmadığını qəbul etməli olduğumuzu görürük”.

Latviya üçün mavi dəbilqə altında BMT mandatı ilə Dağlıq Qarabağa getməyin mümkünlüyü barədə danışan Artis Pabriks bildirib ki, yaxın gələcəkdə belə bir imkan görmür: “Çünki sülhməramlıların göndərilməsi üçün əvvəlcə sülhü bərpa etmək lazımdır. Hazırda heç bir şey sülhə dəlalət etmir. Lakin, mən konkret olaraq Azərbaycan tərəfini - fürsətim olarsa Ermənistan tərəfinə də səslənəcəyəm - hər hansı hərbi əməliyyatlardan mülki əhalinin əziyyət çəkməməsi və humanitar sualların yaranmaması ilə bağlı çağırış etmişəm. Bu humanitar məsələlər, mülki əhali ilə bağlı məsələlər, qaçqınlarla bağlı məsələlər, beynəlxalq müşahidəçilər ilə bağlı məsələlər yüksək prioritet olmalıdır. Bu, tamamilə aydındır. Buna görə biz döyüş əməliyyatlarının mümkün qədər qısa zamanda başa çatmasına, bu məsələnin hüquqi cəhətdən doğru həllinə, mümkün qədər az mülki əhalinin zərər görməsinə, həmçinin 90-cı illərin əvvəllərində bu əraziləri tərk etməyə məcbur olmuş qaçqınların və bu kateqoriyaya aid şəxslərin nəhayət ki, öz doğma evlərinə geri qayıda biləcəklərinə ümid edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar