İlham Əliyev: “MDBMİ-nin rektoru olmaq böyük missiyadır”
26 avqust 2020 12:53 (UTC +04:00)

İlham Əliyev: “MDBMİ-nin rektoru olmaq böyük missiyadır”

Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə “MGIMO Journal”a müsahibə verib. APA müsahibəni təqdim edir.

Azərbaycan Prezidenti, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olmuş İlham Heydər oğlu Əliyev Anatoli Vasilyeviç Torkunovun yolunu 10 il fərqlə təkrar edib. Belə ki, gələcək rektor 1972-ci ildə, Azərbaycan dövlətinin gələcək rəhbəri isə 1982-ci ildə beynəlxalq münasibətlər fakültəsini bitirib və aspirant olub. Hər ikisi perspektivli gənc alimlər, müəllimlər olub, sonra isə onların trayektoriyaları ayrılıb. Lakin onlar həmişə bir-birini diqqət mərkəzində saxlayıb, illər keçdikdən sonra səmərəli əməkdaşlıq yaranıb, bu əməkdaşlıq 2013-cü ildə Bakıda MDBMİ məzunlarının Birinci Beynəlxalq Forumunun keçirilməsində və digər təşəbbüslərdə ifadə olunub.

Prezident İlham Əliyev: Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəinki Rusiyada, hətta dünyada dərin və möhkəm ənənələrə malik olan aparıcı ali məktəblərdən biridir. Uzun illərdir ki, bu ali məktəbə Anatoli Vasilyeviç Torkunov rəhbərlik edir. Bu ali məktəbin yüksək ixtisaslı diplomat kadrların hazırlanması üzrə nüfuzlu mərkəzlərdən biri kimi təşəkkülündə və inkişafında onun xidmətləri danılmazdır.

Anatoli Vasilyeviç bu nüfuzlu ali məktəbin müəllimindən rektoruna qədər böyük həyat yolu keçib. O, MDBMİ-nin rəhbəri vəzifəsində bu ali məktəbin ən yaxşı ənənələrini qoruyub saxlamaq və artırmaqla bərabər, dünya təhsil məkanında onun mövqelərinin möhkəmlənməsinə və rəqabət qabiliyyətinin təmin edilməsinə böyük töhfə verib. Bu gün MDBMİ çox cəhətdən onun səyləri sayəsində dünya səviyyəli brend sayılır.

Anatoli Vasilyeviç Torkunovu təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da məşhur ictimai xadim və alim kimi tanıyırlar. Biz Anatoli Vasilyeviç ilə dəfələrlə görüşmüşük və deyə bilərəm ki, o, dərin erudisiyalı, hərtərəfli biliklərə malik insan, maraqlı yeni ideyalar yaradan peşəkardır.

Mənim həyatımın təqribən 15 ili MDBMİ ilə bağlı olub: təhsil, sonra aspirantura, müəllimlik işi. Bu, unudulmaz gənclik, formalaşma illəri idi. MDBMİ-də aldığım biliklər bu gün də fəaliyyətimdə mənə kömək edir.

Bizim ali məktəbin məzunlarının bir neçə il bundan əvvəl Bakıda Birinci Forumunun keçirilməsinin təşəbbüskarı mən olmuşam. Mən həm də MDBMİ-nin 60 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmişəm.

Anatoli Vasilyeviç ilə bizim həyat yollarımız çox cəhətdən oxşardır: o da, mən də bu ali məktəbi bitirmişik, aspiranturaya daxil olmuşuq, orada dərs demişik. Taleyin qismətindən mən MDBMİ-dən getməli oldum, Anatoli Vasilyeviç isə öz həyatını almamater ilə bağladı.

Çətin dövrdə MDBMİ-yə rəhbərlik etmiş Anatoli Vasilyeviç Torkunovun üzərinə onun sələfləri tərəfindən yaradılmış ən yaxşı nə varsa, hamısını qoruyub saxlamaq, bu sərvətin itirilməsinə imkan verməmək və belə bir təməl üzərində dünyanın ən yaxşı ali məktəblərindən birini, ən iri elm və təhsil mərkəzini formalaşdırmaq missiyası düşüb.

 MJ: Bu gün Siz Azərbaycan dövlətinin rəhbəri, Anatoli Vasilyeviç isə bizim almamaterin rektorudur. Onunla Sizi birləşdirən çox mühüm bir amil var – böyük missiya. Siz 1993-cü ildə ölkəni qəbul etmiş, onu qoruyub saxlamış və Azərbaycanı müasir dinamik dövlətə çevirmiş atanız, möhtərəm Heydər Əliyevin işini davam etdirdiniz. Anatoli Vasilyeviç 1993-cü ildə MDBMİ-yə rəhbərliyi öz üzərinə götürdü, onu mürəkkəb dövrün bəlalarından qorudu, bu ali məktəbin brendini bərpa etdi və möhkəmlətdi, onu nadir təhsil keyfiyyətlərinə malik olan universitetə çevirdi. Xahiş edirəm, bu barədə öz fikirlərinizi bölüşün.

Prezident İlham Əliyev: Bu gün ölkəmizdə Heydər Əliyevin siyasəti davam etdirilir. Bu siyasətin sayəsində Azərbaycan müstəqil dövlət kimi formalaşıb, dünya xəritəsində layiqli yer tutub, ölkədə ictimai-siyasi sabitlik bərqərar olub, genişmiqyaslı dəyişikliklər üçün möhkəm baza yaradılıb, milyardlarla xarici investisiya cəlb olunub, daxili və xarici siyasətin əsas istiqamətləri müəyyən edilib. İndi Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir.

Mən fəxr edirəm ki, Azərbaycan beynəlxalq arenada böyük nüfuz qazanıb. Bunu o da sübut edir ki, bizim ölkəmiz dünyanın 155 dövlətinin dəstəyi ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Qoşulmama Hərəkatının üzvləri olan bütün 120 ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük bu beynəlxalq qurumun sədri seçilib. Ötən ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilib. Həmin ilin payızında ölkəmiz həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi qəbul edib. Biz dünya birliyinin məsuliyyətli üzvü kimi beynəlxalq təşkilatlarda sədrlik məsələsinə formal yanaşmırıq, çalışırıq ki, bu sədrlik səmərəli olsun və üzv ölkələrə xeyir gətirsin. Məsələn, dünya koronavirus pandemiyası ilə üzləşdiyi dövrdə mənim təşəbbüsümlə Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri keçirilib. Bu görüşlərdə təhlükəli virusa qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan ölkələr adından BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsü 130-dan çox dövlət dəstəklədi.

Pandemiya dövründə biz beynəlxalq həmrəylik nümayiş etdirərək 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü ianə vermişik.

Bu gün Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ölkəmiz Avropa ilə Asiya arasında həm coğrafi, həm mədəni, həm də siyasi körpüdür. Biz, eyni zamanda, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan nadir ölkələrdən biriyik. 2008-ci ildə biz Avropa Şurasının üzvü olan ölkələrin Mədəniyyət nazirlərinin Bakıda keçirilən iclasına İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin müvafiq nazirlərini dəvət etdik. Sonra, 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının iştirakçısı olan ölkələrin Mədəniyyət nazirlərinin iclasına Avropa Şurasının üzvü olan ölkələrin Mədəniyyət nazirləri dəvət edildi. Beləliklə, bizim “Bakı prosesi” adlı, dinlərarası və mədəniyyətlərarası dialoq prinsiplərinə əsaslanan təşəbbüsümüz yarandı. Bu illər ərzində “Bakı prosesi” milliyyəti, mədəniyyəti, dini etiqadı müxtəlif olan insanlar arasında fikir mübadiləsi üçün səmərəli platforma imici qazanıb.

“Bakı prosesi” BMT və dünyanın digər aparıcı təşkilatları tərəfindən dəstəklənir.

MJ: Anatoli Vasilyeviç beynəlxalq münasibətlər fakültəsinin dekanı, prorektor vəzifələrində işlədiyi vaxt yəqin ki, Siz müəllim kimi onunla dəfələrlə ünsiyyətdə olmusunuz. Necə deyərlər, qeyri-adi, istedadlı bir administratorun formalaşmasının şahidi olmusunuz. Bu barədə bir səciyyəvi əhvalat danışa bilərsinizmi?

Prezident İlham Əliyev: Bir müddət Anatoli Vasilyeviç ilə eyni kafedrada işləmişik. Buna görə də onu çoxdan tanıyıram. Diplomat, alim, rəhbər kimi yüksək peşəkar keyfiyyətlərə malik olan Anatoli Vasilyeviç həmişə çox səmimi, xeyirxah, ünsiyyətdə xoş təsir bağışlayan bir insan idi, bu gün də eləcə qalır. Bilirəm ki, kollektiv onu dəstəkləyir, tələbələr ona hörmət edir və sevirlər. Belə olmasaydı, o, bu qədər uzun müddət MDBMİ-yə rəhbərlik edə bilməzdi. Anatoli Vasilyeviçi həm də ona görə qiymətləndirirəm ki, o, qondarma yenidənqurma dövründə qara yaxılan, mənəvi terrora məruz qalan ali məktəbimizin şanlı ənənələrini bərpa edib. Təəssüf ki, mənim oxuduğum və müəllimlik etməyə başladığım dövrdə rektor olmuş, həmişə, bu gün də böyük hörmət bəslədiyim Nikolay İvanoviç Lebedevdən sonra və Anatoli Vasilyeviç Torkunova qədər bizim ali məktəbə rəhbərlik etmiş insanlar MDBMİ-ni ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində cərəyan edən mənfi proseslərin təsirindən qoruya bilmədilər. 1992-ci ildən bu instituta başçılıq edən Anatoli Vasilyeviç bu gün dünyanın aparıcı ali məktəblərindən biri olan MDBMİ-nin imicini bərpa etdi və möhkəmlətdi.

Səciyyəvi əhvalat məsələsinə gəldikdə isə demək istəyirəm ki, 1990-cı illərin lap əvvəlində oxuduğum, aspiranturanı bitirdiyim və 15 ilə yaxın işlədiyim institutdan getməyə məcbur oldum. Səbəb bu idi ki, SSRİ-nin ovaxtkı rəhbərliyinin yanlış daxili və xarici siyasət kursuna qarşı prinsipial mövqe tutan atam Heydər Əliyev az qala xalq düşməni hesab edilirdi. O, təqiblərə məruz qalır, sovet mətbuatında ona qarşı şəxsən Sov.İKP MK-nın baş katibi tərəfindən qızışdırılan kəskin qarayaxma və böhtan kampaniyası aparılırdı. MDBMİ-nin rəhbərliyi mənə bildirdi ki, Heydər Əliyevin oğlu siyasi səbəblər üzündən bu ali məktəbdə dərs deyə bilməz. Mənim üçün çox çətin olan həmin dövrdə Anatoli Vasilyeviç mənə həmişə mənəvi dəstək göstərirdi. Əminəm ki, əgər həmin vaxt rektor o olsaydı, mənim getməyimə yol verməzdi. Onda mənim taleyim başqa cür olardı. Lakin necə deyərlər, nə olursa, yaxşılığa doğrudur.

MJ: Siz bizim jurnala verdiyiniz müsahibələrin birində demisiniz: “MDBMİ-nin yubileyi bizim ailənin də bayramıdır”. Yəqin onu nəzərdə tuturdunuz ki, qızınız Leyla da bizim universiteti bitirib. Anatoli Vasilyeviç də belə deyə bilər. Onun qızı Yekaterina MDBMİ-ni bitirib və bu ali məktəbin kafedralarından birində işləyir. MDBMİ-nin məzunlarının çoxu da belə deyə bilər! Sizə elə gəlmirmi ki, sözün yaxşı mənasında bu ailə ənənələri ən mühüm dəyərlərdən biridir və onların sayəsində MDBMİ yubileydən-yubileyə daha qüdrətli və dinamik ali məktəbə çevrilir?

Prezident İlham Əliyev: Bizim həyat yollarımızın daha bir kəsişməsini düzgün qeyd etdiniz. Bəli, mənim qızım Leyla Əliyeva da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, MDBMİ-nin Azərbaycan Klubunun prezidenti olub və Azərbaycanlı Məzunlar Şurasının sədridir. Hazırda Leyla həm də Moskvada rus dilində nəşr edilən “Baku” jurnalına rəhbərlik edir. Bu jurnal oxucuları Azərbaycan xalqının tarixi, mədəniyyəti və ənənələri ilə tanış edir. Leyla Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Leyla Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına, rus dilinin və mədəniyyətinin qorunub saxlanmasına və xaricdə populyarlaşdırılmasına verdiyi töhfəyə görə 2015-ci ildə “Puşkin” ordeni ilə təltif edilib. Yüksək mükafatı ona şəxsən Vladimir Vladimiroviç Putin təqdim edib.

Leylanın vitse-prezident olduğu Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə Həştərxanda Müqəddəs Mələksima knyaz Vladimirə abidə qoyulub. Heydər Əliyev Fondu tərəfindən Rusiyanın bu regionunda reallaşdırılmış layihələrə görə Leyla “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Elə həmin 2013-cü ildə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı ilə Leyla III dərəcəli “Müqəddəs Mələksima knyaginya Olqa” ordeninə layiq görülüb.

Bilirəm ki, Anatoli Vasilyeviç Torkunovun qızı Yekaterina da bu ali məktəbi bitirib və siz dediyiniz kimi, hazırda MDBMİ-nin kafedralarından birində işləyir. Yəqin MDBMİ tarixində belə nümunələr az deyil ki, uşaqlar qəlblərinin istəyi ilə vaxtilə onların valideynlərinin bitirdiyi ali məktəbi seçirlər. Hesab edirəm ki, belə varisliyin olması çox gözəldir.

MJ: Anatoli Vasilyeviçin 70 yaşı tamam olur, MDBMİ-nin isə 75 yaşı yaxın vaxtlarda tamam olub. Bununla əlaqədar bizim ümumi böyük yubiley kontekstində ona nə arzu edərdiniz?

Prezident İlham Əliyev: Mən ona möhkəm cansağlığı, bütün işlərində və təşəbbüslərində uğurlar, tükənməz enerji, ailə xoşbəxtliyi arzu etmək istərdim. Bu yaxınlarda 75 illiyini qeyd etmiş MDBMİ-yə isə yeni nailiyyətlər diləyirəm. İnanıram ki, MDBMİ Anatoli Vasilyeviçin rəhbərliyi ilə tanınmış fundamental təhsil mərkəzi və dünya səviyyəli diplomatik kadrların yetişdirildiyi ali məktəb kimi qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2200
avatar

Oxşar yazılar