“Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan danışıqlar masasına keçmək istəyir: “ Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik. Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə hər şey dayanar və biz danışıqlar masasına geri qayıdarıq. Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür”.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər: “Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar”.