“Bu cəsur qərar üçün Sizə minnətdarıq” – Prezidentə yazırlar
08 oktyabr 2020 11:23 (UTC +04:00)

“Bu cəsur qərar üçün Sizə minnətdarıq” – Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevə qardaş Türkiyədən, ölkəmizin hər yerindən məktublar gəlməyə davam edir.

Lent.az həmin məktublardan bir neçəsini təqdim edir:

Gökhan Topal, Nevşehir, Türkiyə:

Hörmətli cənab Prezident, ilk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirir, bir türk kimi dövlətimin və xalqımın Sizin, dəyərli qardaşlarımızın haqlı mübarizənizdə yanınızda olduğumuzu, Sizlərə hər cür dəstəyimizi göstərməyə, cəbhədə qardaşlarımla çiyin-çiyinə durmağa hazır olduğumuzu bildirirəm. Bu dəqiqələrdə cəbhədə olan hər kəs üçün dua edir, Allahımdan onlara kömək olmasını diləyirəm.

Allah yar və yardımçımız olsun.

Hümbət Məmmədovdan, Cəbrayıl:

Cənab İlham Əliyev, əziz Ali Baş Komandan, biz - bütün cəbrayıllılar torpaqlarımızın hər qarışının yağıdan azad edilməsinə çox sevinirik. Yaşından asılı olmayaq, hər birimiz Vətən uğrunda döyüşə hazırıq. Ya Qarabağ, ya ölüm - başqa yol yoxdur. Biz haqq mübarizəsi aparırıq.

Möhtərəm cənab Ali Baş Komandan, Sizin bütün əmrlərinizi və yeni Qələbə xəbərlərinizi səbirsizliklə gözləyirik. Tezliklə Şuşada, Cıdır düzündə Qələbə Bayağının sancılacağına əminik. Allah əsgərlərimizi və Sizi qorusun.

Ruşan Qasımov, Sumqayıtdan:

Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının hərtərəfli inkişafında göstərdiyiniz misilsiz xidmətlərinizə və son günlər çıxışlarınızda biz vətəndaşlarda və Orduda, əsgər və zabitlərimizdə vətənpərvərlik hissini, həmçinin orduda döyüşən hərbiçilərdə ruh yüksəkliyi yaratdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz fəxr edirik ki, bizim geniş dünyagörüşlü, müdrik, böyük şəxsiyyət, xalqın istəklisi, əvəzolunmaz Prezidentimiz var. Mənim 65 yaşım olsa da, torpaqların azad olunmasında düşmənlə vuruşmağa hazıram. Sizə göndərdiyim bütün məktublarda öz mövqeyimi bildirmişəm.

Arzu edirəm, Azərbaycan bayrağını yaxın zamanda Şuşada ucaldılmasında yaxından iştirak edim. Allah Sizi qorusun.

Yədulla Ağazadə, Lənkərandan:

Möhtərəm cənab Prezident, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu qurtuluş xilaskarlıq missiyasını əzmlə həyata keçirən, yaşadığımız tarixi günlərin baş qəhrəmanı, xalqımızın milli Lideri olaraq Sizinlə sonsuz qürur duyduğumuzu bildirir, bütün zamanlarda olduğu kimi, erməni faşizmi ilə haqlı savaş anlarında da ailəliklə Sizin yanınızda olduğumuzu bəyan edirik.

Xalqımızın, Ordumuzun gücü-qüdrəti Vətən məhəbbətinin, rəhbərə, Prezidentə, Ali Baş Komandana olan sonsuz sevginin, inam və etibarın parlaq ifadəsidir.

Cüməqulu Sabirovdan, Ağsu:

Hörmətli cənab Prezident, Sizin Ali Baş Komandan kimi hərbçilər və xalqla birlikdə apardığınız Qarabağ müharibəsində tam qələbəyə nail olacağınıza inanırıq. Xalqımız və bizim ailəmiz Sizin yanınızdadır. Biz Sizinlə və ordumuzla fəxr edirik. İnşallah, torpaqlarımızı azad edib böyük Azərbaycan varlığını ermənilərə və dünyaya sübut etməliyik.

Yarımçıq sülh danışıqlarını qəbul etməməyiniz, xarici dövlətlərin aldadıcı bəyanatlarına qarşı qətiyyət göstərməyiniz bu mübarizədə sonadək gedəcəyinizə sübutdur.

Biz birlikdə güclüyük. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Qarabağda qələbə arzulayırıq.

Səxavət Abduxalqovdan, Qəbələ:

Çox hörmətli cənab Prezident, mən Azərbaycanın sadə bir övladıyam. Bu torpağın suyunu içib, havasını alıb, çörəyini yeyib boya-başa çatmışam. Doğma torpağın hər qarışı mənim üçün əzizdir. Ümummilli liderimiz dahi Heydər Əliyev demişkən: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Üçrəngli bayrağımızla ürəyimdə daim qürur hissi duymuşam. İnanın ki, 38 yaşım olsa da, Azərbaycanın Dövlət Himni oxunanda, uğur qazandığımız idman yarışlarında Azərbaycan Bayrağı ucalanda, bu yaşımda belə uşaq kimi sevinərək ağlayıram, gözlərim dolur. Həmişə arzulamışam ki, həmin müqəddəs bayraq doğma Qarabağda dalğalansın, Azərbaycanın Dövlət Himni məhz Qarabağda oxunsun.

Bu gün xəyallarımızın reallığa çevrilməsinin şahidi oluruq. Şanlı Ordumuz Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımızı bir-bir işğaldan azad edir. Mən də bir övlad, bir oğul kimi Sizin yanınızda olmaq, ölkəmə, Vətənimə və xalqıma dəstək olmaq arzusundayam.

Cənab Ali Baş Komandan, Siz dahi Heydər Əliyevin layiqli davamçısı, Azərbaycanın Liderisiniz. Azərbaycan vətəndaşları Sizi çox istəyir, Sizinlə qürur duyur və arxanızdadır.

Zəfər bizimdir!

İlhamla irəli!

Müslüm Məmmədovdan, Qazax:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin əmrinizlə əks-hücum əməliyyatına başlayan Ordumuza hərbi əməliyyatlarda yeni uğurlar və qələbə arzu edirəm.

Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində dövlətimizin qarşısına qoyduğu bütün məqsədlərə nail olacağına inanıram.

Yaşadığım Qazax rayonunda əhalinin əhval-ruhiyyəsi çox yüksəkdir, hamı ordumuzla həmrəy olduğunu, ona hər cür dəstək verməyə hazır olduğunu bildirir. Gənclər heç tərəddüd etmədən səfərbərlik məntəqəsinə gəlir və hərbi hissələrimizə yola salınırlar.

Mən birinci Qarabağ müharibəsi veteranıyam. Hazırda 59 yaşım var. Siz əmr versəniz, döyüş yoldaşlarımızla birlikdə Ordumuza qoşulmağa hazırıq.

Möhtərəm Ali Baş Komandan, uzun illər Sizin apardığınız ədalətli və humanist siyasətinizlə Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün çox səylər göstərdiniz. Lakin işğalçı tərəfin məlum mövqeyinə görə bu mümkün olmadı. İndi torpaqlarımızın tam azad olunması üçün biz bu müharibəni davam etdirməliyik.

Cənab Prezident, xalqımız Sizinlədir, Sizin ətrafınızda sıx birləşib. Sizinlə qürur duyuruq. Haqq və ədalət bizim tərəfimizdədir.

Tanrı xalqımızı qorusun.

İlqar Mustafayevdən, Şəki:

Hörmətli cənab Prezident, ilk öncə rəhbərliyinizlə cəbhədə qazanılan bütün uğurlara görə Sizi, Azərbaycan xalqını və Vətənimizin bütünlüyü uğrunda savaşan hər bir zabit və əsgərimizi təbrik edirəm. Hər birinizə dərin minnətdarlığımı bildirir, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizin bütün çıxışlarınızı fərəhlə izləyir və belə bir Liderimiz olduğu üçün qürur hissi keçirirəm. Sizin bütün dünyaya nümayiş etdirdiyiniz qətiyyətli addımlarınız hər bir vətəndaşda ruh yüksəkliyini bir az da artırır. Son çıxışınızdakı ifadələr bütün dünyaya Sizin Azərbaycan xalqına sadəcə bir ölkə rəhbəri kimi deyil, həm də ailəsinin namusunu, qeyrətini qoruyan bir ailə başçısı, bir ata kimi dayaq durduğunuzu nümayiş etdirir. Allah Siz başda olmaqla bütün Azərbaycan xalqını, Ordusunu, Türk millətini qorusun. Sizin səbrlə və yüksək diplomatiya ilə qazandığınız uğurlar hər birimizi sevindirir.

Rahib Kərimov Bakıdan yazır:

Çox hörmətli cənab Prezident, Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrilib. Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi.

Cənab Ali Baş Komandan, illərdir gözlədiyimiz və tərəfinizdən verilən bu cəsur qərar üçün Sizə minnətdarlığımı bildirirəm. Xalqımız torpaqlarımızın, dədə-baba yurdumuzun mənfur düşməndən azad olunacağı günləri səbirsizliklə gözləyirdi. Uca Tanrı Sizə xalqımızın və ölkəmizin firavanlığı, Qarabağımızın azad edilməsi uğrunda fəaliyyətinizdə yardımçı olsun. Ailəmiz həmişə fəxr edir ki, Sizin kimi Prezidentimiz var. Sizin timsalınızda bütün xalqımızı təbrik edirəm. Qeyd etdiyiniz kimi, “Qarabağ Azərbaycandır!”

Kəmalə Nəhmədovadan, Gəncə:

Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan, biz hər birimiz Sizin torpaqlarımızın bütövlüyü uğrunda apardığınız qətiyyətli mübarizənin şahidiyik. Sizi əmin etmək istəyirəm ki, Gəncə sakinləri Sizin haqq uğrunda mübarizənizdə sonadək yanınızdadır. Üzərimizə düşən hər vəzifəni yerinə yetirməyə hazırıq. Əminik ki, Siz əsarətdə olan və tarixi torpaqlarımız olan Qarabağımızı Azərbaycan xalqına bütöv şəkildə qaytaran böyük sərkərdə olaraq qızıl hərflərlə tarixə adınızı yazacaqsınız. Biz Gəncə sakinləri olaraq Sizinlə və şanlı Ordumuzla qürur duyuruq.

Uca Tanrı Sizi qorusun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar