Boris Consonun nifrət etdiyi hind baş nazir - Milyarder qızının əri
24 oktyabr 2022 20:15 (UTC +04:00)

Boris Consonun nifrət etdiyi hind baş nazir - Milyarder qızının əri

Hind əsilli Rişi Sunak Böyük Britaniyanın yeni Baş naziri seçilib. O, Mühafizəkarlar Partiyasının liderliyi uğrunda tək rəqibi Peni Mordontun geri çəkilməsindən sonra avtomatik Baş nazir olub. Onun kral III Karl tərəfindən Baş nazir postuna təsdiqlənməsi gözlənilir. Beləliklə, iyulun 7-də Boris Conson və oktyabrın 20-də Liz Trasın istefasından sonra Rişi Sunak 2022-ci ildə Böyük Britaniyanın 3-cü Baş nazir olacaq. O həm də bu posta seçilən ilk hindistanlı kimi tarixə düşəcək.

Lent.az  Birləşmiş Krallığın yeni Baş naziri Rişi Sunak barədə məlumatı təqdim edir:

Rişi Sunak 1980-ci il mayın 12-də İngiltərənin Sauthempton şəhərində öz aptekləri olan həkim Yaşvir Sunak və farmasevt Uşi Sunakın ailəsində doğulub. Sunakın nənə və babaları müstəmləkə dövründə Hindistandan Şərqi Afrikaya köç etmişdilər və valideynləri də məhz bu kontinentdə tanış olub evlənmişdi. Onun anası Tanzaniya, atası isə Keniyada böyümüşdü. 1960-cı illərdə ailə Britaniyaya köç edir.

Sunak nüfuzlu Vinçester kollecini bitirir, daha sonra isə Oksford Universitetində iqtisadiyyat, fəlsəfə və politologiyanı öyrənir. Sunak 2001-2004-cü illərdə “Goldman Sachs” investisiya bankında analitik kimi çalışır, sonra isə ABŞ-ın Stenford Universitetində biznes idarəetməsi üzrə magistr təhsili alır. Burada o, gələcək həyat yoldaşı, hindistanlı milyarder Naryan Murtinin qızı Akşat Murti ilə tanış olub.

İngiltərəyə qayıtdıqdan sonra Sunak TCI fondunda işə başlayır. 2009-cu ildə o, “Theleme  Partners” fondunda çalışır, sonra qayınatası Naryana Murtiyə məxsus “Catamaran Ventures” investisiya fondunun direktoru çalışır.

Siyasi yüksəlişi...

2015-ci ildə Rişi Sunak ilk ciddi siyasi uğurunu qazanır. O, Mühafizəkarlar Partiyasının namizədi kimi Riçmond dairəsindən (Şimali Yorkşir) Nümayəndələr Palatasının üzvü seçilir. Bu dövrdə Sunak “Brexit” tərəfdarı kimi tanınır və ölkənin Avropa İttifaqından dərhal çıxmasını istəyirdi.

2019-cu ilin iyulunda o, Boris Conson hökumətində Böyük Britaniyanın maliyyə naziri olur. Məhz bu dövrdə o ilk ciddi siyasi sınaqla – COVID-19 virusunun törətdiyi iqtisadi çətinliklərlə üzləşir.

Onun biznesə dəstək və vergilərin azaldılması ilə bağlı təşəbbüsləri, mətbuat konfranslarından inamlı çıxışı böyük populyarlıq qazanır.

Amma 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra həyat xərclərinin bahalaşması Sunaka münasibəti dəyişir.

Rekord inflyasiya, işsizliyin artması, yanacaq və elektrik enerjisinin bahalaşması, bundan başqa, problemlərin həlli yolları üçün konkret planın olmaması britaniyalıları hiddətləndirdi. Sunakın şəxsi sərvəti, milyarder qızı ilə evliliyi onun adi insanların yaşayışından uzaq olması barədə ittihamları gücləndirdi.

Rişi Sunakın sərvəti

Rişi Sunak Nümayəndələr Palatasının ən varlı deputatı sayılırdı. Onun şəxsi sərvəti azı 240 milyon dollar təşkil edir. Onun ailəsi Şimali Yorkşirdə malikanəyə, Santa-Monikada (Kaliforniya) villaya, Londonda ev və mənzilə, bundan başqa bahalı avtomobil parkına malikdir. Sunakın qayınatası Narayana Murtinin sərvəti isə Forbes tərəfindən 4,5 milyard dollar dəyərində hesablanıb.

Siyasətçi üçün həddən artıq zəngin olması ilə bağlı ittihamlara Rişi Sunak həmişə anlayışla yanaşdığını, lakin Mühafizəkarlar Partiyasının “uğur qazanmış insanlarla hər zaman fəxr etməli” olduğunu əlavə edir.

Qalmaqallar

2020-ci ildə koronavirusun birinci dalğası bitdikdən sonra Böyük Britaniyada biznesə dəstək üçün “Ye ki, kömkə edəsən” adlı proqram fəaliyyətə başladı. Proqram restoran və barlarda güzəştlər tətbiq etmək yolu ilə onları izolyasiyadan çıxmağa təşviq etmək məqsədi daşıyırdı. Amma bu proqram COVID-19-a yoluxma hallarının yenidən artmasına səbəb oldu.

Sunak bütün tənqidlərə baxmayaraq təşəbbüskarı olduğu bu proqrama görə qüruru duyduğunu və “milyonlarla iş yerini” qoruya bildiyini deyirdi.

2022-ci ilin aprelində Rişi Sunak və Boris Conson 2020-ci ilin iyununda lokdaun zamanı məclislərdə iştirak etməkdə təqsirləndirilirdilər.

Maliyyə nazirini öz tərtib etdiyi qaydaları pozmaqda ittiham edirdilər. Sunak ilk başda ittihamları rədd etsə də, sonra səhvini etiraf edərək karantin qaydalarını pozduğu üçün cərimə ödədi. İstefa vermək tələblərini isə o rədd elədi.

2022-ci ilin yazında isə bu dəfə Sunakın həyat yoldaşı Akşata Murtinin iştirakı ilə qalmaqal yaşandı. Britaniya mediası Akşata Murtinin Hindistan vətəndaşı kimi Böyük Britaniyada daimi yaşayış yerinin olmamasına görə, sahib olduğu sərvətlə bağlı ödənilən gəlir vergisindən yayına bildiyini müəyyən etdi. Əcnəbi vətəndaşlığa görə, Murti 11 milyon funt sterlinq dəyərində vergi güzəşti əldə etdi.

Akşata Murti Hindistan vətəndaşı olduğu üçün hərəkətində heç bir qanun pozuntusu görmədiyini dedi. Amma həyat yoldaşının reputasiyasına zərər vurmamaq üçün həmin vergiləri könüllü sürətdə ödədi.

“Mən bunu qaydalar tələb etdiyi üçün yox, istədiyimi üçün ödəyirəm”, o “İndependent”-ə açıqlamasında demişdi.

Rusiya-Ukrayna müharibəsinə münasibət

Rişi Sunak Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarı kimi tanınır. O, keçmiş Baş nazir Liz Trası da Putinlə qarşıdurmaya hazır olmamaqda ittiham edirdi.

“Prezident Putinə qarşı olmaq həqiqətən sərt mövqe tələb edir. Sizinlə açıq danışmaq istəyirəm. Putinlə qarşıdrumanın tərkib hissəsi kimi elektrik enerjisinin bahalaşması faktıdır ki, bundan öhdəsindən gəlməliyik”, - o deyib.

O həmçinin Rusiya liderinin G20-nin İndoneziyada keçirilən sammitinə dəvət olunmasına da qarşı idi.

Sunak Baş nazir seçilərsə, Rusiyaya qarşı sanksiyaları dərinləşdirməyi və Ukraynaya maliyyə dəstəyini artırmağı düşündüyünü açıqlamışdı.

“Bəli, mən kifayət qədər sərtəm və Putinə daha çox problem yaratmaq üçün addımlar atıram”, Sunak demişdi.

Baş nazirliyə gedən yol...

“Baş nazir kim olursa-olsun, bircə Rişi Sunak olmasın”, - The Times nəşri iyulun 7-də istefa verən Baş nazir Boris Consonun partiyadaşlarına müraciət etdiyini yazıb. Nəşr mühafizəkarların Sunaka nifrət etdiyini yazırdı.

“Dauninq-strit 10-da hamı Sunaka nifrət edir. Bu şəxsi nifrətdir. İnsanlar keçmiş səhiyyə naziri Sacid Cavidi Boris Consonun devrilməsində ittiham etmirlər. Onlar bu məsələdə Rişi Sunakı ittiham edirlər. Onlar hesab edirlər ki, Sunak bunu aylar ərzində plan şəkildə hazırlayıb”, - deyə The Times nəşrinə Mühafizəkarlar partiyasındakı mənbə bildirib.

Belə ki, 2022-ci ilin yayında hökumət böhranı maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavidin istefasından sonra başlamışdı. Bunun ardınca daha 50 nəfər vəzifəli şəxs hökuməti tərk etmişdi. Boris Conson iyulun 7-də istefa verdikdən sonra Sunak hökumətə rəhbərlik etmək üçün namizədliyini irəli sürdü.

Amma sentyabr səsverməsində 42 yaşlı Sunak 60 399 səs toplayaraq əsas rəqibi Liz Trasa (81 326 səs) məğlub oldu.

Amma oktyabrın 20-də Liz Trasın 45 gün Baş nazirlikdən sonra istefa verməsi ilə yenidən arzulanan Baş nazir kürsüsünə əyləşdi.

Onun Böyük Britaniya üçün necə bir Baş nazir olacağını isə zaman göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12012
avatar

Vüqar İsmayılov

Oxşar yazılar