Amansızlığı ilə ad çıxaran “General Armageddon” kimdir? - DOSYE
12 oktyabr 2022 20:15 (UTC +04:00)

Amansızlığı ilə ad çıxaran “General Armageddon” kimdir? - DOSYE

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də Ukraynadakı hərbi uğursuzluqlar və Krım yarımadasındakı körpünün partladılması fonunda ordu generalı Sergey Surovikini Ukraynadakı Rusiya qoşunlarının komandanı təyin etdi. 

Hərbi əməliyyatların davam etdiyi 7 aya yaxın müddətdə Ukraynadakı qüvvələrin ayrı-ayrı qoşun komandanları barədə məlumat verilsə də, bu dəfə Rusiya Müdafiə Nazirliyi bütöv döyüş qruplaşmasının rəhbərinin adını açıqlayıb.

Rusiya KİV-i Surovikini müharibədə amansız davranması və mülki hədəfləri də hədəfə almasına görə “General Armageddon” adlandırırlar. O, infrastruktura genişmiqyaslı raket zərbələri endirməyin tərəfdarı kimi tanıyırlar.

Kremldəki mənbələr və hərbi komandanlıq “Surovikin sentimental deyil. Amansız və qeyri-ənənəvi metodlarla hərəkət edir”, - deyə ona qiymət veriblər.

Doğurdan da, Sergey Surovikin “General Armageddon” adlandırılmasının təsadüf olmadığını təyinatından 2 gün sonra, oktyabrın 10-da Ukraynanın Kiyev şəhərini və daha 8 vilayətini hədəfə alan raket hücumunun təşkili ilə sübuta yetirdi.

“Məni Kiyevə hücum təəccübləndirmədi. Surovikin insan itkiləri ilə hesablaşmayan amansız generaldır”, - bu sözləri “Guardian” qəzetinə Surovikinlə Müdafiə Nazirliyində bir müddət çalışmış adı açıqlanmayan keçmiş rusiyalı məmur deyib.

Lent.az Ukraynadakı Rusiya qoşunlarının yeni komandanı, ordu generalı Sergey Surovikinin qalmaqallı karyera və həyat yoluna nəzərə salır.

Sergey Surovikin 1966-cı ildə Sibirin ən böyük mərkəzi sayılan Novosibirskdə anadan olub.

Sergey Surovikinin adı sovet vətəndaşları üçün də tanışdı. Belə ki, o 1991-ci ilin avqustunda SSRİ-də dövlət çevrilişinə uğursuz cəhd zamanı əsas simalardan birinə çevrilmişdi.

Belə ki, o zaman 2-ci moto-atıcı diviziyanın komandiri kimi Moskvanın mərkəzindəki Sadovoe Koltso və Yeni Arbat küçələrinin kəsişməsində barrikadaları yarmaq barədə göstəriş vermiş və bu zaman 3 nəfər etirazçı həlak olmuşdu. Həlak olan Dmitri Komar, İlya Kriçevski və Vladimir Usov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adını almışdı.

Surovikin isə 7 ay həbsdə qaldıqdan sonra Moskva Prokurorluğu onun öz komandanlığının əmrini icra etdiyini bildirərək azadlığa buraxmışdı.

“Surovikin 1991-ci ilin avqustunda etirazçılara atəş açmaq əmri verən və 3 insanın ölümünə səbəb olan yeganə zabit idi. İndi isə o, SSRİ-ni bərpa etməklə bağlı həyəcanlı cəhdlərinə başçılıq edəcək”, - deyə rusiyalı politoloq və sosioloq Qriqori Yudin şərh vermişdi.

1995-ci ildə Baş Qərargahın M.Frunze adına Hərbi Akademiyanın dinləyicisi olan zaman mayor Sergey Surovikin bu dəfə qanunsuz tapança satışında ittiham olunur. O, məhkəmədə günahını etiraf etməyərək özünə qarşı tələ qurulduğunu iddia edirdi.

Moskva Qarnizonun Hərbi Məhkəməsi onu qanunsuz silah dövriyyəsi ilə bağlı 3 maddə ilə təqsirli bilərək 1 il şərti azadlıqdan məhrum edir.

İllər sonra onun məhkumluğu aradan qaldırıldı.

2002-ci ildə Sergey Surovikin Baş Qərargahın Hərbi Akademiyanı bitirir və 2 il sonra yenə qalmaqalla üzləşir.

Yekaterinburq şəhərində xidmət etdiyi diviziyanın qərargah rəisi kimi Surovikin müavinini yanına çağırır və onunla mübahisə edir. Az sonra onun müavini tapançadan atəş açaraq intihar edir.

2004-cü ilin iyununda o daha məsul posta – Çeçenistanda dislokasiya olunmuş 42-ci moto-atıcı diviziyanın komandiri təyin olunur.

Onun diviziyasının döyüşçüləri bir sıra hallarda vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurdu.

Ən böyük qalmaqal 2005-ci ildə Borozdinovskaya kəndində “təmizləmə” əməliyyatı zamanı dinc sakinlərin zərər çəkməsi ilə bağlı olur. Həmin vaxt diviziyanın tərkibində olan “Vostok” batalyonu Borozdinovskayada evlərə daxil olaraq mülki əhalini döymüş, qarət etmiş, əsasən avar milliyətindən olan kişiləri 6 saat kənd məktəbinin həyətində saxlayıblar.

Surovikin o zaman bu məlumatları feyk adlandırıb və batalyon komandiri Sulim Yamadayevin nüfuzuna xələl gətirmək üçün uydurulduğunu demişdi.

Sonralar Sulim Yamadayev Rusiya Qəhrəmanı adını aldı və Birləşmiş Ərəb Əmirliklərində qətlə yetirildi.

“2014-cü ildə Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik Sergey Surovikin xidmət yerinin Sibir regionu olmasına baxmayaraq, nədənsə Rostov vilayətində çalışır və bir müddət buradan Ukraynanın cənub-şərqində baş qaldıran separatçı hərəkata dəstək vermək üçün tabeliyindəki tank bölmələrinin əraziyə göndərilməsinə rəhbərlik edir”.

Bu iddianı rusiyalı müxalifətçi Leonid Volkov 2016-cı ildə Facebook səhifəsində yazıb.

Onun iddiaları nə təsdiq, nə də təkzib olunub.

2017-ci ilin mayında Sergey Surovikin Suriyadakı Rusiya aviasiya qruplaşmasının rəhbəri təyin olunur.

Surovikinin başçılığı altında Rusiya aviasiyası Suriya hökumət qüvvələrinin müxalifət qüvvələrinə qarşı hücumlarına hava dəstəyi verir, Suriya şəhərlərini bombalayırdı.

Bu fonda generalın başçılıq etdiyi birləşmələr yenə müharibə qaydalarını pozmaqda ittiham olunur.

Belə ki, Rusiya aviasiyası yaşayış məntəqələrini, xəstəxana və məktəbləri bombalamaqda, kimyəvi silahdan istifadə etməkdə təqsirləndirilir.

Həmin ilin oktyabrında isə aviasiya qüvvələrində heç zaman xidmət etməmiş Surovikin Rusiya Hava Kosmik Qüvvələrinin komandanı təyin olunur. Hələb şəhərinin hava və artilleriya zərbələri ilə xarabazarlığa çevrilməsi məhz onun amansız müharibə metodları ilə əlaqələndirilir. Şəhər sonda rusların köməyi ilə Suriya ordusunun nəzarətinə keçir.

Beynəlxalq hüquq təşkilatlarının “İdlibdəki bütün həyat hədəfdədir” adlı hesabatında İdlib vilayətinin Dəməşqin nəzarəti altında qaytarılması üçün 11 ay davam edən hücum əməliyyatı barədə bunları yazmışdı: “Zərbələr əhali arasında panika yaratmaq və dinc sakinlərin şəhəri tərk etməsi üçün qəsdən endirilirdi”, hesabatda deyilirdi.

1 ay sonra ona Suriyadakı əməliyyatlarda əldə etdiyi uğurlara görə, Surovikinə Rusiya Qəhrəmanı adı verilir.

2021-ci ilin avqustunda isə ona Rusiya Silahlı Qüvvələrindəki ən yüksək rütbə - ordu generalı rütbəsi verilir. 

2022-ci il fevralın 23-də, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə 1 gün qalmış Surovikin bir sıra yüksək rütbəli hərbçi və nazirlə birlikdə Avropa İttifaqının sanksiya siyahısına düşmüşdü.

O, iyun ayından bəri Ukraynaya müdaxilə edən Rusiya qoşunlarının “Cənub” hərbi qruplaşmasına başçılıq edirdi.

Ukrayna cəbhəsində də “yandırılmış torpaq” taktikasının tərəfdarı olan Sergey Surovikin Suriyada Hələbi xarabazarlığa çevirdiyi kimi, Ukraynada da Mariupol şəhərini analoji qaydada aramsız artilleriya və aviasiya zərbələri altında yerlə-yeksan etdi, yalnız bundan sonra oranı ələ keçirdi.

“Vaqner” hərbi şirkətinin sahibi Yevgeni Priqojin Sergey Surovikinin Ukraynadakı Rusiya qüvvələrinin komandiri təyin olunmasından məmnunluq ifadə edərək generalı “əfsanəvi döyüşçü”, Çeçenistan lideri Ramzan Kadırov isə “əsl döyüşçü” adlandırıb.

Ekspertlərin fikrincə, Sergey Surovikinin əsas məqsədi Rusiya ordusunun əziyyət çəkdiyi struktur problemlərinin həlli olacaq. Onun müxtəlif ordu növləri arasında koordinasiya və idarəetməni həyata keçirə biləcək azsaylı rusiyalı generallardan biri hesab edirlər.

Amma 35 illik karyerası boyunca 56 yaşlı generalın reputasiyası korrupsiya və ifrat amansızlığı ilə ləkələndiyi üçün onun təyinatı Ukrayna müharibəsini daha da şiddətləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8352
avatar

Vüqar İsmayılov

Oxşar yazılar