ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefonla danışdığı gün bu ölkənin maliyyə naziri Skot Bessent Kiyevə gəlib. O, Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ-ın bu ölkənin mineral ehtiyatlarının yarısına mülkiyyət hüququnu əks etdirən sənədi təqdim edib.
Üstəlik, ölkə başçısına sənədlə tanış olmaq və imzalamaq üçün məhdud vaxt verilib.
Lent.az bildirir ki, bu barədə “NBC News”a beş Amerika rəsmisi və müzakirələrlə tanış olan başqa bir şəxs bildirib.
Qeyd olunur ki, Zelenski Bessentdən sənədi ətraflı öyrənmək üçün ona vaxt verməsini tələb edib. Buna cavab olaraq ABŞ maliyyə naziri bildirib ki, müqaviləni imzalamaq üçün onun bir saatı var, əks halda onun ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə gözlənilən görüşləri ləğv ediləcək.
Nəşr xatırladıb ki, Zelenski bu sənədi imzalamaqdan imtina edib. ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, bu səbəbdən Ukrayna prezidentinin komandasına Vens və Rubio ilə görüşlərin təxirə salındığı bildirilib, lakin görüş sonradan baş tutub.
Bessent daha sonra “Fox News”a verdiyi müsahibədə Zelenskinin, nəhayət ABŞ ilə mineral müqavilə imzalayacağına inandığını söyləyib. O vurğulayıb ki, bu, guya müharibə başa çatdıqdan sonra Rusiyanın gələcək təcavüzünün qarşısını alacaq.
ABŞ rəsmilərindən biri izah edib ki, Ukraynanın özünü müdafiə qabiliyyəti indiyədək əsasən Amerika vergi ödəyiciləri tərəfindən təmin edilib.
“Bu təklif həmin xərclərin bir hissəsini geri qaytarmağa və sülh əldə edildikdə, Ukraynanın ABŞ-la tərəfdaşlıq yolu ilə iqtisadi mövqelərini gücləndirmək potensialına malik olacağını qəbul etməyə yönəlib”, - o deyib.