Xocalı qurbanları Ankara Beynəlxalq Kitab Sərgisində də anıldı
02 mart 2020 19:12 (UTC +04:00)

Xocalı qurbanları Ankara Beynəlxalq Kitab Sərgisində də anıldı

Bu günlərdə Türkiyə paytaxtında keçirilən 14-cü Beynəlxalq Ankara Kitab Sərgi-Yarmarkası çərçivəsində Xocalı soyqırımına dair konfrans təşkil olunub.

Lent.az xəbər veriri ki, konfransda qardaş ölkədəki Xocalı həftəsilə bağlı tədbirlərdə iştirak üçün Türkiyədə səfərdə olan QHT Şurasının üzvü Emin Həsənli, Milli Qəhrəman Vahid Quliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məruzələrlə çıxış ediblər. Onlar Xocalıda təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə qarşı qorxunc cinayət törədildiyini, erməni faşistlərin dəhşətli əməllərinin bütün dünya xalqları tərəfindən lənətlənməli olduğunu diqqətə çatdırıblar. İştirakçıların çoxsaylı suallarını cavablandıraraq, bu soyqırımın ilk növbədə Türk dünyasının ortaq dərdi olaraq qəbul edilməsinin, faciə ilə bağlı həqiqətlərin kitablar, filmlər və digər vasitələr sayəsində dünyaya çatdırılmasının vacibliyini vurğulayıblar.

Türkiyə Böyük Millət Məclisini ziyarət edən E.Həsənli, V.Quliyev və S.Hüseynli millət vəkilləri, ictimaiyyət nümayəndələri ilə görüşüb, Xocalı gerçəklərinin daha geniş təbliği yönündə atıla biləcək yeni addlmlara dair fikir mübadiləsi aparıblar. Millət vəkili İbrahim Xəlil Oral Azərbaycanın sevinc və dərdinə qardaş kimi ortaq olduqlarını önə çəkib. O, Xocalı soyqırım və buna bənzər digər faciələrimizin bir daha təkrarlanmaması üçün milli yaddaşımızı hər zaman canlı saxlamağın, başımıza gələnləri unutmamağın zəruruliyini dilə gətirib.

Türkiyənin Təqaüddə olan Zabitlər Dərnəyinin rəhbəri general Namiq Kamal Çalışqanla görüşdə də soyqırım dəhşətlərindən, ermənilərin Azərbaycana və Türkiyəyə qarşı amansız mövqeyindən danışılıb. General N.K.Çalışqan Türkiyədəki milli mövqeli ictimai qurumların Azərbaycanın haqq işinə dəstək verməyə daima hazır olduqlarını, özlərinin də bu yöndə təşəbbüslər irəli sürdüklərini bəyan edib. QHT Şurasının üzvü Emin Həsənli bu kimi işlərdə ictimai sektorun fəallığının ciddi önəm daşıdığını deyərək, dövlətlərimizin apardığı uğurlu siyasətin dəstəklənməsinin əhəmiyyətini açıqlayıb. 

Daha sonra Ankarada Türk Ocaqları Mərkəzində bu qurumun başqanı professor Mehmet Öz və rəhbər heyətlə görüş keçirilib. Bu görüşdə də Xocalı şəhidləri ehtiramla anılıb, türk dünyasının birlik və bərabərliyi naminə görülməli işlərdən söz açılıb.

Qeyd edək ki, sözgedən heyətin iştirakı ilə Türkiyədə Xocalı Həftəsi çərçivəsində İstanbul, İsparta, Antalya və Ankarada ümumilikdə 15-dən artıq konfrans və görüş keçirilib. Bu tədbirlər Türkiyənin nüfuzlu universitetlərində, ictimai qurumlarında, mədəniyyət ocaqlarında təşkil edilib. Eyni zamanda, televiziyalara, mətbuata müsahibələr, açıqlamalar verilməklə də soyqırım həqiqətləri yerli ictimaiyyətin diqqətinə çatdırılıb.
Səfər Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1058
avatar

Oxşar yazılar