1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalıda törətdikləri soyqırımın 28-ci ildönümü qardaş Türkiyədə də silsilə tədbirlərlə anılır.
Bununla əlaqədar konfranslar, yürüş və sərgilər keçirilir. Xocalı soyqırımının 28 illiyi ilə əlaqədar anım tədbirlərində iştirak üçün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Milli Qəhrəmanı, polkovnik-leytenant Vahid Quliyev və “525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynlidən ibarət nümayəndə heyəti də bu günlərdə Türkiyədə səfərdədir. Nümayəndə heyətimiz öncə fevralın 22-də İstanbul Türk Dünyası Araşdırmaları Vəqfini ziyarət edib, türkiyəli ziyalılar, ictimai xadimlər, media təmsilçiləri ilə görüşüb.
Emin Həsənli Xocalı soyqırımı ilə bağlı İstanbulda keçiriləcək tədbirlərdən danışıb, görüş iştirakçılarını bu tədbirlərə fəal qatılmağa səsləyib. Seyfəddin Hüseynli Türk Dünyası Araşdırılmaları Vəqfinin Azərbaycan və Türk dünyası üçün önəmindən, dəyərli xidmətlərindən minnətdarlıqla söz açıb, vəqfin qurucusu unudulmaz ziyalı Turan Yazqanı ehtiramla yad edib. Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Həmin gün digər bir görüş isə İstanbuldakı Rumeli mədəniyyət və təhsil dərnəyində keçirilib. Özlərinin də bir vaxtlar ayrı-ayrı Balkan ölkələrində məhz türk olduqları üçün zülmə məruz qaldıqlarını, torpaqlarından didərgin düşdüklərini, qovulduqlarını bildirən dərnək rəhbərliyi bu cəhətdən Azərbaycanın dərdlərini, problemlərini, Xocalı soyqırımının dəhşətlərini və səbəblərini anladıqlarını diqqətə çatdırıb. Emin Həsənli türklərin dünyanın bir sıra yerlərində, həmçinin, Balkanlarda və Qarabağda məruz qaldıqları tarixi təzyiqlərdən söz açıb. O, buna qarşı birgə fəaliyyətin əhəmiyyətini qeyd edib, Xocalı soyqırımının dəhşətlərini xatırlayıb.
Seyfəddin Hüseynli Rumeli adlanan torpaqların Türk dünyasına, başda Atatürk olmaqla bir çox parlaq sima bəxş etdiyini, Azərbaycanda da balkan türklərinə qardaşlıq duyğuları bəsləndiyini vurğulayıb.
Fevralın 24-də nümayəndə heyətimiz Avropanın ən önəmli elm və təhsil qurumlarından olan Qalatasaray universitetində Xocalı ilə panelin iştirakçısı olublar. Universitetin konfrans zallarından birində keçirilən paneldən öncə bu universitetdə Xocalı soyqırımına dair afişa və plakatlar yayılıb. Təhsil ocağının tələbə və müəllim heyəti bu barədə məlumatlandırılıb. Xeyli sayda iştirakçını qatıldığı paneldə Emin Həsənli, Seyfəddin Hüseynli və Vahid Quliyev mövzuya dair fikirlərini, bilgi və xatirələrini paylaşdıqdan sonra iştirakçıların suallarını cavablandırıblar. Tarixi hadisələrin, milli keçmişlə bağlı mühüm olayların, xüsusən üzləşdiyimiz faciə və müsibətlərin, ağır dönəmlərin unudulmamasının vacibliyi vurğulanıb.
İştirakçılar, xüsusən tələbələr Xocalı haqqında əvvəllər yalnız ümumi bilgiləri olduğunu, bu tədbir sayəsində daha geniş məlumat əldə etdiklərini, daha ətraflı təəssürata yiyələndiklərini bildiriblər. Seyfəddin Hüseynli Xocalı, Azərbaycan-Türkiyə tarixi, Qarabağ müharibəsilə bağlı nəşrləri, kitab və dərgiləri panel təşkilatçısına hədiyyə edib.
Paneldə Emin Həsənli tələbələrə gələcəkdə də bu mövzunu diqqətdə saxlamalarını, daha dərindən maraqlanmalarını tövsiyə edib. Vahid Quliyev savaş xatriələrini bölüşüb, tələbələri milli ruhu daim qoruyub-saxlamağa çağırıb.
Panelin təşkilində əməyi olan vaxtilə Bakıda ali-təhsil almış türkiyəli həkim və ictimai xadim Xalid Gökalp Küçük bu toplantının tələbələrin hafizəsində, Qalatasaray Universitetinin tarixində unudulmaz iz buraxdığına inandığını bildirib.
Nümayəndə heyəti həmin gün İstanbuldakı Rumeli Balkan Stratejik Araşdırmalar Mərkəzinin ofisini də ziyarət edib. Mərkəzin sədri, istefada olan polkovnik Süheyl Çobanoğlu çıxış edərək Xocalı soyqırımının ağrılarını Türkiyə və Balkan türklərinin də dərindən hiss etdiyini vurğulayıb.
Görüşün təşkilatçısı və qurumun sədr müavini Xalid Gökalp Küçük Xocalının Azərbaycan və Balkan türklərinin ortaq dərdi olduğunu önə çəkib. Emin Həsənli, Seyfəddin Hüseynli və Vahid Quliyev Xocalı soyqırımı və eləcə də Qarabağda erməni faşistlərinin törətdikləri dəhşətlərlə bağlı ətraflı məlumat verəndən sonra görüş sual-cavab şəklində davam etdirilib, ətraflı fikir mübadilələri aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli qurumun kitab fonduna Xocalı soyqırımı və Qarabağ həqiqətləriylə bağlı nəşrlər hədiyyə edib.
Nümayəndə heyətimizin Xocalı soyqırımı ilə bağlı İstanbuldakı görüşləri davam edir. Bu səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.