“Xarici İşlər Nazirliyi (XİN) tərəfindən ilk olaraq 12 iyul tarixində Tovuz istiqamətində baş verən hadisə ilə bağlı bəyanat səsləndirildi”.
APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Ermənistanın əməli hərbi təcavüz və terror aktıdır: “12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin başladığı təxribatla bağlı beynəlxalq ictimaiyyətin reaksiyasına diqqət ayırmaq istərdim. Beynəlxalq ictimaiyyət - Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM Ermənistanın hərbi təxribatını qəti şəkildə qınadı. 14 iyul tarixində Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycanın mülki obyektlərini atəşə tutmasını qətiyyətlə pisləyib. Baş katib Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair Türk Şurasının məlum mövqeyini bir daha təsdiq edib. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi də bəyanatla çıxış edib, Azərbaycana dəstək ifadə olunub, Ermənistanın təxribat cəhdi pislənilib”.
XİN rəsmisinin sözlərinə görə, Qoşulmama Hərəkatı iyulun 18-də qəbul etdiyi kommunikedə baş verən təxribatı qətiyyətlə pisləyib: “Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər”.
L. Abdullayeva qeyd edib ki, beynəlxalq təşkilatlarla bərabər ayrı-ayrı dövlətlər də Ermənistanın təxribatını pisləyib: “Son günlər Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktlarına cəhdlər olur, aksiyalar keçirməyə çalışırlar. Azərbaycanlılar tərəfindən həmin ölkələrdə Ermənistanın bu cəhdlərinə qarşı cavab aksiyaları təşkil olunur. Erməni radikal təşkilatlarının bu hərəkətlərinə aksiyalarla cavab verilir. Dövlət başçısının birbaşa rəhbərliyi altında diplomatik nümayəndəliklərimiz tərəfindən Ermənistanın təcavüz siyasətinin nəticələri barədə məlumatlandırma işləri davam etdirilir”.