X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları QMİ-də
20 fevral 2020 19:10 (UTC +04:00)

X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları QMİ-də

Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsində Bakı Beynəlxalq Multikulturlizm Mərkəzinin təşkil etdiyi X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

Fələstin, Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Yaponiya, Xorvatiya, Braziliya, Nigeriya, Qırğızıstan da daxil olmaqla dünyanın 20 ölkəsinin aparıcı ali məktəblərini təmsil edən layihənin iştirakçılarının ölkəmizdə müxtəlif dini konfessiyaların təmsilçiləri ilə görüşləri barədə məlumat verilib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayev qonaqlara Şeyxülislam Allahşükür Paşazadənin salamlarını yetirib, Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına töhfə verəcəyinə inandığını bildirib. QMİ-nin tarixi barədə ətraflı məlumat verən Müfti qeyd edib ki, həm Çar Rusiyası, həm də sovetləşmə dövründə yaradılan çətinliklərə baxmayaraq dini mərkəz İslamın və milli-mənəvi dəyərlərimizin yaşadılması üçün önəmli işlər görüb.

Son illər QMİ-nin dünyanın müxtəlif dini təşkilatları ilə sıx əlaqələr qurduğunu diqqətə çatdıran sədrin birinci müavini ötən il Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammiti, Zirvə toplantısında qəbul edilən sənədlər barədə qonaqları məlumatlandırıb. 

Müfti Salman Musayevin sözlərinə görə, tarixən tolerantlıq, multikulturalizm məkanı kimi tanınan Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Bu gün düzgün yürüdülən din-dövlət münasibətləri nəticəsində dinlər, konfessiyalar və məzhəblər arasında qarşılıqlı hörmətə və etimada söykənən mühit formalaşıb. Bunun nəticəsidir ki, dünya Azərbaycandakı multikulturalizm modelini bir nümunə kimi öyrənməkdədir.

Azərbaycanın təcavüzə məruz qaldığını, Ermənistanın işğal etdiyi Qarabağda və digər ərazilərdə dini-mədəni abidələrə qarşı törətdiyi vandalizmi pisləyən QMİ sədrinin birinci müavini bu siyasətin regionda və dünyada sülhə təhlükə olduğunu bildirib.

Çıxış edən QMİ sədrinin müavini Qəmərxanım Cavadlı ölkəmizdə qadınlara ictimai-siyasi və mədəni həyatda fəal iştirak etmək, o cümlədən dini təhsil almaq üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb.

QMİ sədrinin müavini Fuad Nurullayev dini icmaların fəaliyyəti, onların maarifləndirilməsi üçün son illər görülən işlərdən söhbət açıb.     

QMİ-nin Aparat rəhbəri Simran Həsənov Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə qurulduğunu deyib, insan hüquq və azadlıqlarının qanunla tənzimləndiyini, “Dini etiqad azadlığı haqqında” Qanunun dünya standartlarına cavab verdiyini bildirib. Dindarların ölkəmizin ictimai həyatında mühüm rol oynadığını diqqətə çatdıran Aparat rəhbəri onu da vurğulayıb ki, Şeyxülislam Allahşükür Paşazadə və onun başçılıq etdiyi QMİ Azərbaycanda, eləcə də regionda sülhün, sabitliyin möhkəmlənməsi üçün çox mühüm işlər görür.

Sonda QMİ rəsmiləri X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1444
avatar

Oxşar yazılar